Məşhur müğənninin dustaq bacısı: “Mən dimdiyimdən tora düşmüşəm...” - REPORTAJ
01 oktyabr 2009 15:45 (UTC +04:00)

Məşhur müğənninin dustaq bacısı: “Mən dimdiyimdən tora düşmüşəm...” - REPORTAJ

İttiham aktından: “Tənha qocalara məxsus mənzilləri ələ keçirmək üçün onlara müxtəlif yuxu gətirici dərmanlar, spirtli içkilər içirib...”

(“Məhbusələr” silsiləsindən)

...O, təkcə Əməkdar artist Firuzə İbadovanın bacısı kimi deyil, həm də bir aktrisa kimi tanınıb. Sonra isə... tənha qocaların etibarından sui-istifadə edərək onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi ittiham olunaraq, həbs olunub. Ancaq qəti surətdə günahsız olduğunu iddia edir. Heç biz də onun günahkar olub-olmadığını dəqiq bilmirik. Dəqiq bildiyimiz onun maraqlı insan və maraqlı tale sahibi olmasıdır. Söhbət Azərbaycanın Əməkdar artisti Firuzə İbadovanın bacısı Rəhilə İbadovadan gedir. Lent.az Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən aktrisanın həyat və məhbəs hekayətini təqdim edir.

Dosye: 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət İncəsənət Universiteti – Lent.az) bitirib. 1969-cu ildən həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. “Tık-tık xanım”, “Cırtdan” və bir çox nağılın qəhrəmanlarını oynayıb. Deyilənə görə, hələ də həmin teatrda onun oynadığı rollar heç kimə verilmir. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, “Adam ol” filmində çəkilib.
1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib.
2006-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Həbsxanadakı Dram Dərnəyinin rəhbəridir.

10 minə “Baksovet”də üçotaqlı mənzil...

Rəhilə xanım hadisəni ittiham aktında olduğu kimi deyil, tamam başqa cür danışaraq nə hansısa dəstə üzvü olduğunu, nə də kiminsə evini ələ keçirdiyini deyir. Onun sözlərindən belə məlum olur ki, 2004-cü ildə Mənzil İstismar Sahəsinə arayış almağa gedərkən orada təsadüfən Vaqif adlı şəxslə tanış olur. Vaqif ofisi Hökumət Evində yerləşən Azərbaycan-Rusiya Cəmiyyətində (təşkilatın adı bəlkə də başqa cürdür, ancaq Rəhilə İbadova belə dedi – Lent.az) işlədiyini deyir. O, Bakıda yaşayan tənha rus qadınlarının öləndən sonra onlara məxsus evlərin satılaraq vəsaitinin paytaxtdakı rus kilsələrinin hesabına keçirildiyini deyərək Rəhilə İbadovaya ev almağı təklif edir. Bu cür evlər əsasən iki cür satılırmış. Ən rahat üsul tənha qadın öləndən sonra dərhal onun evinə sahib çıxaraq satmaq olub. İkinci üsul isə nisbətən çətindir. Belə ki, mənzili alan şəxs yaşlı rus qadını öz himayəsinə götürür, öləndə isə ev onun olur.
O biri oğlanlarının ev sahibi olduğunu nəzərə alan aktrisa üçün bu təklif göydəndüşmə olur. Ona görə də Vaqifə 10 min dollar verərək evlərdən birini alır. Hətta evi alarkən tənha qadın belə olsa, mənzilə o öləndən sonra sahib çıxmasına da razılaşdığını etiraf edir. Başqa sözlə, aktrisa mənzilini aldığı evdə yaşlı qadının olacağını nəinki bilir, hətta onu ölənədək himayəyə götürməyə də razılaşır.
Sözün düzü, 2004-cü ildə “Bakı Soveti” metrostansiyasının (indiki “İçərişəhər”) yaxınlığındakı üçotaqlı mənzilin qiymətinin 10 min dollara olması qətiyyən inandırıcı görünmür (bunu aktrisanın özünə də dedim). Deməli, “torbada pişik” varmış. Özü də bu pişikdən Rəhilə xanımın özünün də xəbəri olub – baxmayaraq ki, o, bunu qəti şəkildə təkzib edir.

Dəstə yaranır...

İttiham aktına görə isə Rəhilə İbadova “Toğrul” Hüquq Firmasının müdiri Yusif Allahyarovun başçılıq etdiyi dəstə üzvlərindən biridir. Yusif Allahyarov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 32.3-cü (cinayətin törədilməsində rəhbərlik etmə), 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən qanunsuz azadlıqdan məhrumetmə), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma), 29,178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluğa cəhd), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmə), 313-cü (vəzifə saxtakarlığı), 322-ci (özbaşınalıq) maddələri ilə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 10 nəfərlik dəstə üzvləri ilə birlikdə tənha qocaların etibarından sui-istifadə edərək onları aldadaraq və mənzillərini ələ keçirməkdə günahlandırılır. Dəstə üzvlərinin əməllərindən 12 nəfər zərər çəkib. İttiham aktına görə, Y.Allahyarov yaratdığı dəstəyə erməni millətindən olan Amalya Hüseynova, “Rus İcması”nın üzvü Natalya Cinitsina, “Sodrujestvo” Cəmiyyətinin üzvü Nelli Skalyarenko, Ehtiram Əhmədov, Baba Mahmudzadə, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aktrisası Rəhilə İbadova və digərlərini cəlb edib: “Dəstə üzvləri tənha qocalara məxsus mənzilləri ələ keçirmək üçün onlara müxtəlif yuxu gətirici dərmanlar, spirtli içkilər içirməklə mənzillərinin alqı-satqısı ilə bağlı sənədləri imzalamağa məcbur ediblər. Evi əlindən alınan Zinaida Ulyanovskaya yeməyinə yuxu dərmanı və təzyiq salan preparatlar qatıldığı üçün dünyasını dəyişib. Dəstə üzvü, aktrisa Rəhilə İbadova Yusif Allahyarovun göstərişi ilə bacısı Şəfiqə İbadova və Vera Kozlovanın mənzilini ələ keçirib. Dəstə başçısı həmçinin ayrı-ayrı şəxslərdən aldadaraq, onlardan borc adı ilə külli miqdarda pul almaqda ittiham olunur”.

“Cırtdan” prokurorluğa çağırılır

2006-cı ilin sentyabrın sonlarında Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Mahir Nağıyev qızını yenicə gəlin köçürmüş Rəhilə İbadovanı prokurorluğa çağırır. Müstəntiq aktrisadan Yusif Allahverdiyev adlı şəxsə 11 min dollar verib-verməməsi barədə soruşur. Rəhilə İbadova isə “yox” deyərək pulu Vaqif adlı şəxsə verdiyini açıqlayır. Axırda isə deyir ki, siz Allah, pul-zad da istəmirəm, məndən əl çəkin. Ancaq müstəntiq əl çəkmir. Rəhilə İbadova iddia edir ki, Nağıyev ondan müəyyən kağızlara qol çəkməyi istəyib, çəkməyəcəyi təqdirdə isə onu həbs edəcəyilə hədələyib.

Firuzə İbadovanın bir yox, iki bacısı həbsdəymiş

2006-cı ilin oktyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə çağırılan aktrisa oradaca həbs olunur. İş üzrə təxminən 70 nəfər şahid dindirilib. İbadovanın nədə ittiham olduğunu artıq yazmışıq. Ən maraqlısı isə odur ki, aktrisa həbs olunmasında əsas səbəbkar kimi bacısını günahkar görür: Şəfiqə İbadovanı - atadan doğma, anadan ayrı olan bacısını. Deyir, uşaq oğurluğuna görə vaxtilə həbsxanada yatmış bu qadın yenə də axtarışdadı.

Dəstənin işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ənvər Seyidova tapşırılır. Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovla birgə hakim Ənvər Seyidovun otağına gəlir. Bunu da Rəhilə İbadova deyir: “Ənvər Seyidov onlara deyib ki, “məhkəmə gedir, ancaq burda Rəhiləlik bir şey yoxdur. Sadəcə, sizin ögey bacınız Şəfiqə pul istəyir”. Firuzə də deyib ki, nə qədər istəyir verim, təki əl çəksin. Hakim isə deyib ki, narahat olma, Rəhilə onsuz da buraxılacaq. Bundan sonra Firuzəylə Cavanşir arxayın-arxayın Hollandiyaya – Azərbaycan ongünlüyünə yollanır. Ancaq 2007-ci ildə Ənvər Seyidovun sədrliyi ilə çıxarılan məhkəmə hökmü ilə mən həbs cəzası aldım. Prokuror mənə 10 il iş istədi. Ənvər Seyidov yəqin bacıma hörmət etdiyinə görə bir il azaltdı. Sonra isə Bakı Apelyasiya Məhkəməsi işimi bir il azaltdı. Həbs cəzamın müddəti oldu 8 il”.

Sonradan müstəntiq Mahir Nağıyev məhz sözügedən dəstənin işində yol verdiyi nöqsanlara görə günahlandırılaraq, Cinayət Məcəlləsinin 308.1 və 309.1, maddələrilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilir. O, hətta Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilərək, Rəhilə İbadova ilə üzləşdirilib də. Aktrisa deyir ki, vaxtilə Yusif Allahverdiyevdən 50 min dollar rüşvət alan, lakin daha 50 min dollar verməməsi səbəbindən işi “bağlamayan” müstəntiq guya hakimin də rüşvət istədiyini açıqlayıb: “Mahir Nağıyev dedi ki, hamımızı buraxmaqdan ötrü Ənvər Seyidov 150 min istəyib. Əslində isə Mahir Nağıyev həbs olunandan sonra bizi buraxmalıydılar. İndi isə bizim ümidimiz qalıb Ali Məhkəməyə”.

“Nəvələrimçün darıxıram...”

O, hələ azadlıqda olarkən namaz qılıb, oruc tuturmuş, ibadətini indi də davam elətdirir. Rəhilə İbadova həm də həbsxanada başı örtülü olan tək-tük məhbusədən biridir.
Həbsxanada məhbusələr arasında dava da olur, söyüşmə də. Aktrisa isə hələ indiyədək heç kimlə dava etmədiyini və “ağzını saxladığını” deyir: “Anam birinci dəfə gəlib gördü ki, bir az rəngim solub, arıqlamışam. Dedi vaxsey, səni burda döyüb yeməyini əlindən alırlar... Dedim ay mama, kimdi məni döyən. Burdakı şəraitdən razıyam. Ancaq anam, balalarım, ən çox da nəvələrimçün darıxıram...”

Anası və övladları ilə yanaşı, bacısı Firuzə İbadova, aktrisa yoldaşları da yanına gəlir. Firuzədən çox razılıq edir. Deyir bacım mənə dəstək verməsəydi, ürəyim partlayardı, ölərdim. Həbsxana isə ona əməlli-başlı məktəb olub. Daha doğrusu, akademiya: “Düzdür, bura düşəndə yaşım az deyildi, 55 yaşım vardı. Ancaq bura mənimçün böyük məktəb oldu, indi elə bil Polis Akademiyasını qurtarmışam. Əvvəllər məni balaca uşaq da aldada bilərdi, yəni hamıya inanırdım. Ancaq indi məni heç kim aldada bilməz”.

Həbsxanadan çıxandan sonra mətbuat konfransı keçirərək günahsız olduğunu açıqlamaq niyyətindədir. Deyir, bəraət almaq istəyirəm. Ancaq bir daha əvvəlki iş yerinə – 37 il çalışdığı Abdulla Şaiq adına Dövlət Kukla Teatrına qayıtmaq fikrində deyil. Aktrisa həbsxanadan çıxandan sonra Türkiyədəki Dövlət Kukla Teatrında çalışmaq istəyir. Baxmayaraq ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının rəhbərliyinə daxil olan şəxslər, aktyor və aktrisa yoldaşları “Rəhilə nə vaxt qayıtsa, teatrın qapıları açıqdır” deyir.

O, söhbətimizin əvvəlindən axırınadək qəti şəkildə günahsız olduğunu iddia edirdi. Axırda isə dönə-dönə xahiş etdim ki, bircə sualıma tam səmimi cavab versin. Soruşdum ki, özünüzü həbs olunmağınızda nə qədər günahkar bilirsiniz? Cavab verdi ki, cəmi bircə faiz: “Çoxbilmiş tamahkar quş dimdiyindən tora düşər. Mən dimdiyimdən tora düşmüşəm...”

Pərvin ABBASOV

[email protected]

P.S Şəklini də çəkmək istəyirdim onun. Ancaq aktrisa qara rəngli məhbusə paltarında görünmək istəmədiyini dedi...

P.P.S Lent.az-da “Məhbusələr” silsiləsindən yazılar davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2569

Oxşar yazılar