DSMF-yə müraciətlər 24,2 faiz azalıb
11 fevral 2011 11:10 (UTC +04:00)

DSMF-yə müraciətlər 24,2 faiz azalıb

2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatına vətəndaşlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 24,2 faiz azalıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, il ərzində bilavasitə DSMF-nin sədri tərəfindən 86 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb. Onun sözlərinə görə, müvafiq əmr əsasında fondda vətəndaşların müraciətlərinə baxılmasını təşkil etmək, onların təklif, ərizə və şikayətlərinin araşdırılması işi daha da intensivləşdirilib: “DSMF bu gün vətəndaşların ən çox ünsiyyətdə olduğu dövlət qurumlarından biridir. Hazırda DSMF-də ölkə əhalisinin 1/3-i (1 milyon 800 min nəfərdən artıq fərdi şəxsi hesabı olan sığortaolunan, 1 milyon 292 min nəfərdən çox əmək pensiyaçısı) qeydiyyatdadır. Bütün bunlar nəzərə alınaraq vətəndaşların qəbulu fondun sədri tərəfindən hər həftənin cümə günü, digər vəzifəli şəxslər tərəfindən isə həftənin iş günləri və ya bilavasitə həyata keçirilir”.

Elman Babayev deyib ki, daha çox pensiya məsələləri ilə bağlı olan müraciətlərlə işin yaxşılaşdırılması üçün fondun Əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların qəbulu həyata keçirilir və onları maraqlandıran sualların birbaşa cavablandırılması təmin olunur. Həmçinin vətəndaşların qəbulu barədə ətraflı məlumat fondun www.sspf.gov.az ünvanlı internet səhifəsində və qurumun aparatının yerləşdiyi inzibati binanın girişində xüsusi monitorda verilib. Əhalinin qəbulunun yüksək səviyyədə təşkili məqsədilə Fondun aparatının yerləşdiyi inzibati binanın girişi müasir avadanlıq və texnologiya ilə təmin olunub.

DSMF-də 2004-cü ildən etibarən müraciətlərin elektron poçt vasitəsilə qəbulu da həyata keçirilir. Elektron formada daxil olan müraciətlər prosedur qaydalar gözlənilməklə elektron poçt vasitəsilə cavablandırılır və Fondun saytının “sual-cavab” bölümünə yerləşdirilir. Fondun əmək pensiyaları, sosial sığorta, fərdi uçot, hüquqi məsələlər üzrə mütəxəssisləri ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması üçün müasir tipli “Mərkəzləşdirilmiş Çağrı Sistemi” (“190” nömrəli telefon məlumat xidməti) fəaliyyətdədir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar