Sosial sığorta ödənişlərinə nəzarət edirsinizmi?
28 sentyabr 2009 18:00 (UTC +04:00)

Sosial sığorta ödənişlərinə nəzarət edirsinizmi?

Sorğu iştirakçılarının 48,4 faizi “xeyr”, 18,4 faizi “ehtiyac görmürəm” cavabını verib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları ilə bağlı internet saytı (www.sspf.gov.az) vasitəsilə keçirdiyi interaktiv sorğu başa çatıb. Budəfəki sorğuda respondentlərin “İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi” sualına münasibəti öyrənilib.

DSMF-in mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sorğunun nəticələri vətəndaşların əksəriyyəti işəgötürən tərəfindən onların gələcək pensiya təminatı üçün məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etmədiyini göstərir. Belə ki, sorğuya qatılanların cəmi 33, 2 faizi onlar üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etdiklərini bildiriblər. Ümumilikdə 66,8 faiz isə bunda maraqlı olmadıqlarını nəzərə çatdırıblar. Yəni respondentlərin 48,4 faizi “İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi” sualına “xeyr”, 18,4 faizi isə “ehtiyac görmürəm” cavabını verib.

Xatırladaq ki, hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əmək haqqının 22 faizi miqdarında onun sosial təminatı üçün DSMF-yə məcburi dövlət sosial sığorta haqqı ödənilir. Həmçinin hər bir vətəndaşın əmək haqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" qanununa əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki, fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin edilən pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Bu səbəbdən fond rəsmiləri xəbərdarlıq edir ki, hər kəs işləməyə başlayarkən aldığı maaşın tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki vətəndaşın yaşlı dövrünün maddi təminatının məsuliyyəti onların öz üzərinə düşür.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar