Dərsə konstitusiya ilə gedib-gələn məktəbli – OXUCU POÇTU
02 fevral 2011 16:10 (UTC +04:00)

Dərsə konstitusiya ilə gedib-gələn məktəbli – OXUCU POÇTU

Əlimizdə 7-ci sinif şagirdi İsmiyeva Adilənin hekayəti var. Özünün, atasının, anasının dilindən eşitdiyimiz hekayət. Nə bəzəməyə, nə fəlsəfi yanaşmaya, nə mübaliğəyə ehtiyacı olmayan hadisə...

Bakı sakini Adilə İsmiyeva Bakı Avropa Liseyinin keçmiş şagirdidir. Ona görə keçmiş deyirik ki, Lisey Adiləni qız altıncı sinfi bitirəndən sonra xaric edib. Daha doğrusu, Adilə üç imtahandan «iki» aldığı üçün məktəbdən xaric edilib.

Bu, işin liseyin göstərdiyi səbəb və barəsində danışdığımız məsələnin rəsmi hissəsinin bir parçası. Adilə isə bunları deyir:

- Beşinci sinifdən etibarən sinif rəhbərim Leyla müəllimə məni təhqir eləməyə başladı. Səbəbi də o idi ki, məndən başqa bütün uşaqlar hər bayramda zərfin içində ona pul gətirirdilər. Amma mən gətirmirdim. Axı lisey pulsuz idi. Mən nəyə görə onlara pul verməli idim? Ayda 5 manat da yığırdılar ki, sinifləri təmizləyənə veririk. Mən o pulu da vermədim. Buna görə də müəlliməm həmişə məni danlayır, dərs soruşmur, mən dərs barədə sual verəndə də üstümə acıqlanırdı. Altıncı sinifdə mənə münasibət lap pis oldu. Keçən il iyun ayında məni imtahanlardan kəsdilər. Sonra da dedilər ki, biz səni məktəbdən çıxartmışıq. Atam vəkil olduğuna görə mənə dedi ki, səni heç kim məktəbdən çıxara bilməz. Orta təhsil məcburidir. Mənə Azərbaycan Respublikasının Konstitusiyasını verdi və dərslər başlayandan sonra mən əlimdə o Konstitusiya ilə dərslərə girməyə başladım. Sinif rəhbərim Leyla müəllimə mənə dedi ki, bura niyə gəlmisən, biz səni məktəbdən qovmuşuq?! Cavab verdim ki, Konstitusiyaya baxın, mənim burda oxumaq hüququm var. O isə dedi ki, bizə Konstitusiya lazım deyil, bizim burada öz qanunlarımız var. Sonra da dedi ki, sinifdən çıxıb getmirsən, getmə, amma biz sənin adını jurnala salmayacağıq. Könüllü dinləyici kimi qalırsan, qal. Mən də qaldım. Sinifdən hətta partamı, stulumu da yığışdırmışdılar. Mən dərslərə ayaq üstə qulaq asırdım. Dərs barədə nəsə soruşanda, müəllimlər mənə deyirdilər ki, “Kəs səsini, sən buranın şagirdi deyilsən!”. Leyla müəllimə sinif yoldaşlarımı mənimlə dostluq eləməyə, danışmağa da qoymurdu. Uşaqların hamısına demişdi ki, Adilə ilə kim danışsa, onun problemi olacaq. Çox pis olurdum, sinifdə heç kim məni danışdırmırdı. Leyla müəllimə isə deyirdi ki, bax, bu məktəbdə sənin başına bir iş gəlsə, hardasa yıxılsan, nəsə qəza baş versə də burada heç kim mənə kömək eləməyəcək.
İmtahanlar başlayanda məni imtahana buraxmadılar. Dedilər ki, sən burada oxumamısan, könüllü kimi dərslərə qulaq asmısan. Dedim ki, mən imtahana girəcəm, sizin məni imtahana buraxmamağa ixtiyarınız yoxdu. Belə deyəndən sonra direktorun müavini və sinif rəhbərim hərəsi bir qolumdan yapışıb, məni direktorun otağına apardılar. Direktorun otağında polis oturmuşdu. Direktor Zülfiyyə xanım məni polislə tək qoyub, otaqdan çıxdı. Polis üstümə qışqırdı ki, sənin nə məqsədin var, niyə bu məktəbdən çıxıb getmirsən?! İstəyirsən ki, valideynlərinə problem yaransın?! Mən qorxdum və məktəbdən çıxıb getdim. Atam liseydə oxumaq hüququmun olduğunu desə də, daha ora qayıtmaq istəmədim.

Məsələni aydınlaşdırmaq məqsədi ilə Bakı Avropa Liseyinə müraciət elədik. Özünü liseyin direktoru Zülfiyyə Veysovanın köməkçisi kimi təqdim edən İradə Zamanova bildirdi ki, Adilənin və ailəsinin iddiaları əsassızdır və cəfəngiyyatdır:
“Onlar özləri uşaqla maraqlanmayıblar. Biz dəfələrlə onların ünvanına xəbərdarlıq göndərmişik. Amma onlar bizə yanlış ünvan verdiklərindən xəbərdarlıqları almayıblar. Uşaq isə pis oxuduğundan, üç fəndən «qeyri-kafi» qiymət aldığından, biz onu məktəbdən xaric eləmişik. Əgər liseyin nizamnaməsi qanuna zidd idisə, uşağın ailəsi onu təhsil üçün bura qoyanda, niyə razılaşırdılar?! Əvvəlcədən deyəydilər ki, bu nizamnamə qanuna ziddir. Bizim Lisey xüsusi istedadı olan uşaqlar üçündü. Orta səviyyəli və zəif bilikləri olan uşaqlar bizim liseydə oxuya bilməzlər. Hazırda iş məhkəmədədir və məhkəmənin gedişində hər şey üzə çıxacaq”.

Adilənin anası da danışdı. O dedi ki, liseyin onların ünvanlarına xəbərdarlıq göndərməyi doğru deyil: “Onlarda, ümumiyyətlə, belə sistem yoxdur. Əgər biz onlara səhv ünvan vermişiksə, uşağın məktəbdən xaric olması barədə məktubu bizə necə göndərə bildilər. Onlar bizdən pul gözləyirdilər. Bizsə qanunları bilən adamlarıq. Mənim qızımın başına gələnlər o liseydəki tək hadisə deyil. Siz digər valideynləri də danışdırsanız, görərsiniz ki, orada uşaqlarla necə qəddar rəftar eləyirlər. Ötən ilin dekabr ayında uşaq bütün ayı xəstə yatdı. Həkimdən kağız alıb apardıq liseyə, amma direktor kağızı heç almadı da: “Bizə “spravka” lazım deyil”. Sonra imtahanlardan uşağı kəsdilər. Dedim ki, onun yazdığı testləri mənə göstərin, görüm nəyə cavab verə bilməyib. Qızımın test suallarını və yazdığı cavabları da bizə göstərmədilər”.

Adilənin atası, vəkil Rəşid İsmiyev bizimlə söhbətində dedi ki, bu iş barədə bir neçə quruma müraciət edib: “Təhsil Nazirliyinə, Yasamal Rayon İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyinə. İşin ən maraqlı tərəfi budur ki, Lisey öz nizamnaməsində üç fəndən “qeyri-kafi” qiymət alan şagirdin xaric olunacağını göstərib. Bu isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Lisey belə şərtləri olan nizamnamə ilə Ədliyyə Nazirliyində necə qeydiyyatdan keçib? İşə baxan Xəzər Rayon Məhkəməsi iddiaçının xeyrinə qərar çıxarsa da, lisey qərardadı icra etməyib”.

Hazırda Adilənin işi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindədir. Lisey isə məhkəmə qərarı çıxarmayana qədər Adiləni dərslərə buraxmır. Elə Adilə özü də uşaq yaşında elə sərt münasibət gördüyü məktəbə qayıtmaq istəmir.

Cavabdeh tərəflərdən biri olan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bu işdə heç bir qanunsuzluğun olmadığını bildirdi: “Əgər o uşağı dövlət müəssisəsi olan orta məktəblərdən birində təhsil alsaydı, onu heç kim məktəbdən xaric edə bilməzdi. Xüsusi problemlər olsaydı belə, o məktəbli xüsusi rejimli təhsil müəssisəsinə köçürülə bilərdi. Amma özəl liseylərin nizamnamələrində xüsusi tələblər olur və uşaqların istər istedadı, istərsə də davamiyyəti o şərtlərə cavab verməlidir. Cavab vermədikdə, özəl liseylərin məktəbləri xaric etmək səlahiyyətləri var. Biz burada heç bir problem görmürük. Əgər o məktəbli liseydən xaric olunubsa, istənilən dövlət orta təhsil müəssisəsində təhsilini davam etdirə bilər. O ki qaldı bu məsələdə hansısa qanunsuzluğun baş verib-vermədiyinə, bunu məhkəmə müəyyən edəcək”.

Günel
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar