Azərbaycanda meyvə şirələrinin standartları təsdiqləndi
24 yanvar 2011 14:53 (UTC +04:00)

Azərbaycanda meyvə şirələrinin standartları təsdiqləndi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “AZS 539-2011” “Yalnız fiziki üsullarla konservləşdirilmiş alma şirəsi” və “AZS 541-2011” “Qarışıq meyvə şirələri. Rəhbər göstərişlər” dövlət standartlarını təsdiq edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartların tətbiq vaxtı fevralın 1-dən müəyyən edilib.
“AZS 539-2011” “Yalnız fiziki üsullarla konservləşdirilmiş alma şirəsi” standartı yalnız fiziki üsullarla konservləşdirilmiş, bilavasitə istifadə üçün nəzərdə tutulan alma şirəsinə şamil edilir. Bu standart şirənin ionlaşdırıcı şüalanma emalı olmadan fiziki üsullarla konservləşdirilməsini nəzərdə tutur. Alma şirəsi sağlam, yetişmiş almalardan mexaniki üsulla alınmış, qıcqırmamış, lakin qıcqırma qabiliyyətinə malik, yalnız fiziki üsullarla konservləşdirilmiş məhsul. Şirə lətli, qeyri-şəffaf və ya şəffaf ola bilər. Meyvə şirəsi qatılaşdırılmış və daha sonra lazımi tərkibi və yüksək keyfiyyət faktorunu saxlamaq üçün yararlı olan içməli su ilə bərpa olunmuş ola bilər.

“AZS 541-2011” “Qarışıq meyvə şirələri. Rəhbər göstərişlər” standartı bilavasitə istifadə üçün nəzərdə tutulmuş, yalnız fiziki üsulla konservləşdirilən qarışıq meyvə şirələrinə şamil edilir. Qarışıq meyvə şirəsi mexaniki proses nəticəsində iki və ya daha çox yetişmiş, yaxşı keyfiyyətli meyvələrdən əldə edilən, yalnız fiziki üsulla konservləşdirilən, bilavasitə istehlak üçün nəzərdə tutulan, qıcqırmamış, lakin qıcqırma qabiliyyətinə malik lətli, qeyri-şəffaf və ya şəffaf şirə.

Hər iki standart “Codeks Alimentarius” Komissiyasının eyni adlı standartları əsasında hazırlanıb. Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli Sərəncamına əsasən, yeyinti məhsullarına dair “Codeks Alimentarius”, İSO, HACCP, Avropa Birliyi standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri “Codeks Alimentarius” Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Bu barədə Xarici İşlər Nazirliyi Komitə tərəfindən təqdim edilmiş bildirişi “Codeks Alimentarius” Komissiyasının Katibliyinə göndərib. Artıq “Codeks Alimentarius” Komissiyasının rəsmi internet səhifəsində http://www.codexalimentarius.net/web/members.jsp?lang=EN) Azərbaycan Respublikasının üzvlüyü ilə bağlı informasiya da yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430

Oxşar yazılar