“Səs” qəzetinin bir qrup əməkdaşı “Əməkdar jurnalist” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilib
18 yanvar 2011 20:19 (UTC +04:00)

“Səs” qəzetinin bir qrup əməkdaşı “Əməkdar jurnalist” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev “Səs” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi və “Tərəqqi” medalı ilə təltif olunması haqqında sərəncamlar imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamlara əsasən Bayramova Zümrüd Aləddin qızı və Məhərrəmov Valeh Cəbrayıl oğluna “Əməkdar jurnalist” fəxri adı verilib. Qəzetin əməkdaşlarından Həsənov Fətulla Şirməmməd oğlu və
Hüseynova Rəfiqə Kamal qızı “Tərəqqi” medalı ilə təltif olunublar. Həmkarlarımız bu fəxri ad və mükafatlara Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə layiq görülüblər.

Azərbaycan prezidenti bu gün həmçinin “Səs” qəzetinin fəaliyyətə başlamasının 20 illik yubileyi münasibətilə qəzetin kollektivinə təbrik məktubu göndərib. Məktubda bildirilir: “Hörmətli jurnalistlər! Sizi - müasir Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan “Səs” qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 20 illik yubileyi münasibətilə təbrik edirəm.
İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş “Səs” qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilib. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilib, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarıb, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməyib. Müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb. Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən “Səs” qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlayıb, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olub, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışıb. Ümummilli lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş “Səs” qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirib.

İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış “Səs” qəzetinin kollektivi bundan sonra da həqiqət carçısı olacaq, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir. Bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar