“Magistr” jurnalının 2-ci sayı nəşr olunub
18 yanvar 2011 14:38 (UTC +04:00)

“Magistr” jurnalının 2-ci sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” xüsusi buraxılışının 2-ci sayı nəşr edilib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, nəşrdə 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına tələbə qəbulu elanı, magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi, habelə test tapşırığı nümunələri və onların düzgün cavabları və digər materiallar öz əksini tapıb.

Xatırladaq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu yanvarın 25-dən fevralın 7-dək (bazar günü istisna olmaqla) internet vasitəsi ilə aparılır. Bunun üçün bakalavr "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə komissiyasının müvafiq internet səhifəsinə daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. TQDK-nın ödəmə kartını TQDK-nın binasından, respublikanın bütün şəhər və rayon poçt şöbələrindən, eləcə də kredit kartla ödəməklə TQDK-nın internet saytından əldə etmək olar.

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün fevralın 7-dək “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidirlər. Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Birinci mərhələnin imtahanı 2011-ci il fevralın 20-də keçirilir və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761

Oxşar yazılar