Kimlər “çörəkpulu” almayacaq? – SİYAHI
10 yanvar 2011 17:27 (UTC +04:00)

Kimlər “çörəkpulu” almayacaq? – SİYAHI

Lent.az-ın məlumatına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi dəyişikliklərdə hansı kateqoriyalardan olan məcburi köçkünlərin müavinət alacağı və ya almayacağı açıq şəkildə göstərilib. Həmin siyahını oxuculara təqdim edirik.


Aylıq yeməkxərci almaqda davam edəcək şəxslər:

- İşğal olunmuş rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan məcburi köçkün statusuna malik şəxslər;

- Hər iki valideyni məcburi köçkün statusuna malik olan uşaqlar;

- Məcburi köçkün statusuna malik olan valideynlərdən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlar (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edə bilərlər);


- Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonların sakini ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olan, lakin işğal zamanı işğal olunmamış rayonda (şəhər) yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslər;


Yanvarın 1-dən “çörəkpulu” almayacaq şəxslər:

- Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş məcburi köçkünlərə yemək xərci verilməyəcək;

- Hüquq-mühafizə orqanlarında xidmət, qulluq edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə pul kompensasiyası alan məcburi köçkünlər;

- Hərbi qulluqçu olan məcburi köçkünlər;

- Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisəsində və ya həbsdə olan, cəzaçəkən məcburi köçkünlər;

- Məcburi köçkün statusu olmayıb, məcburi köçkün statusu olan şəxslə (kişi, və ya qadın) nikaha daxil olan şəxslə ailə quranlar (Yəni ailədə valideynlərdən yalnız biri məcburi köçkündürsə, digəri məcburi köçkün deyilsə, yalnız məcburi köçkün olan valideynin özü yeməkxərci alacaq);

- Məskunlaşdığı ərazilərdə rəsmi mənzil sahibi olan, sakini olduğu rayonda qeydiyyatdan çıxaraq məskunlaşdığı rayonda daimi qeydiyyata düşən məcburi köçkünlər.

Xatırladaq ki, adına rəsmi qeydiyyatda olan mənzil varsa, sakini olduğu rayondan qeydiyyatdan çıxmayan məcburi köçkünlər isə müavinəti almaqda davam edəcək.

Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525

Oxşar yazılar