Bakı məktəblilərinin bilik yarışmasının növbəti mərhələsi başa çatır
07 yanvar 2011 14:38 (UTC +04:00)

Bakı məktəblilərinin bilik yarışmasının növbəti mərhələsi başa çatır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan ümumtəhsil müəssisələrində məktəblilər arasında keçirilən Bilik yarışının şəhər mərhələsi yanvarın 9-da başa çatacaq.

BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktəblilərin fənn olimpiadası şəhər turu 3 mərhələdən ibarət olub. Məktəblilər arasında noyabrın 13-də keçirilən Bilik yarışının ilk mərhələsində 120 min şagird iştirak edib. Olimpiadanın II mərhələsi dekabrın 5-də keçirilib və bu mərhələdə 10 minə yaxın məktəbli öz biliyini sınayıb. Yanvarın 9-da keçiriləcək fənn olimpiadasının sonuncu mərhələsində isə 950 şagirdin iştirakı gözlənilir.

Mətbuat xidmətində bildirirlər ki, IX-XI sinif şagirdləri 7 fənn - Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə yanvarın 9-da keçiriləcək olimpiadada sınağa çəkiləcəklər. Məktəblilər kimya və biologiya üzrə 8 saylı, Azərbaycan dili və ədəbiyyat, o cümlədən Azərbaycan tarixi üzrə 23 saylı, riyaziyyat, fizika və informatika fənləri üzrə isə 160 saylı klassik gimnaziyada biliklərini sınayacaqlar. Nəticələr yanvar ayının 25-dək, yəni respublika turuna qədər müəyyənləşdirilib Təhsil Nazirliyinə təqdim ediləcək.

Bakının 3 məktəbində təşkil olunacaq sonuncu mərhələdə KİV nümayəndələrinin iştirakı sərbəstdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar