TQDK qəbul imtahanlarında iştirak edən nümunəvi nəzarətçi-müəllimləri mükafatlandıracaq
21 dekabr 2010 16:23 (UTC +04:00)

TQDK qəbul imtahanlarında iştirak edən nümunəvi nəzarətçi-müəllimləri mükafatlandıracaq

23 nəzarətçiyə fəxri fərman təqdim ediləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali və orta ixtisas təhsili müəssisələrinə 2010-cu ildə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini layiqincə yerinə yetirmiş nəzarətçi-müəllimlərlə görüş keçirib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə TQDK-nın rəhbərliyi Komissiya ilə son illər ərzində sıx əməkdaşlıq etmiş, qəbul imtahanlarında müntəzəm iştirak edərək zal nəzarətçisi vəzifəsini nümunəvi yerinə yetirmiş 23 nəzarətçiyə fəxri fərman təqdim edəcək, onları TQDK-nın nəşrləri, test kitabçaları, tədris vəsaitləri ilə mükafatlandıracaq.


Qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş 617 nəzarətçi-müəllimə isə təşəkkür elan ediləcək. Həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin keyfiyyət göstəricisi kimi nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar ünvanlanıb.


Qeyd edək ki, TQDK-nın nəzarətçilər bazasına 8 minədək fənn müəllimi daxildir. Həmin müəllimlərin imtahanlara nəzarətçi kimi cəlb olunması təhsil şöbələri və orta ümumtəhsil məktəblərinin təqdimatı əsasında, müqavilə yolu ilə aparılır. 2010-cu ildə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında və müxtəlif dövlət qurumlarına işə qəbulla bağlı keçirilən test imtahanlarına nəzarətçilərin hazırlığı məqsədilə ənənəvi seminar-məşğələlər təşkil olunub. Seminarlar TQDK-nın Təşkilat şöbəsinin əməkdaşları tərəfindən fevralın 15-dən aprelin 15-dək aparılıb, imtahanın gedişində nəzarətçinin vəzifələrinin dolğun izahını təmin etmək üçün 25-30 nəfərlik qruplarla keçirilib. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilib.


Seminar-məşğələlərdə iştirak etmiş nəzarətçilər daha sonra TQDK tərəfindən keçirilmiş sınaq imtahanlarına cəlb ediliblər. Onların bu imtahanlarda fəaliyyətləri imtahan rəhbəri tərəfindən qiymətləndirilib, komissiyanın əməkdaşları tərəfindən müşahidə aparılıb və nəzarətçinin qəbul imtahanlarına hazır olub-olmaması barədə rəy verilib. Qəbul imtahanları başa çatdıqdan sonra bu prosesdə iştirak etmiş nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınmış, zalı idarə etmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qeydi, rəy və qiymətləndirməsi və başqa vacib amillər əsas götürülüb.


2010-cu ildə keçirilmiş qəbul imtahanlarına ümumilikdə 6109 nəzarərtçi-müəllim cəlb olunub. 184 nəzarətçi əsaslı bir səbəb olmadan və iştirak etməyəcəyini öncədən bildirmədən imtahana gəlməyib, 236 nəfər imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimat qaydalarını pozduqlarına görə nəzarətçilər bazasından çıxarılıb və onlar barəsində müvafiq tədbir görülməsi üçün aidiyyatı təşkilatlara məktublar göndərilib. 116 müəllimə şifahi xəbərdarlıq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar