TQDK 11 regionda sınaq imtahanı keçirəcək
24 dekabr 2010 12:56 (UTC +04:00)

TQDK 11 regionda sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirəcək.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sınaq imtahanlarında ilk dəfə açıq testlər tətbiq olunacaq. İmtahanlara yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək mümkün olacaq.

Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala biləcək.

TQDK-dan onu da bildiriblər ki, sınaq imtahanlarının müntəzəm olaraq, 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984

Oxşar yazılar