Bakı məktəblərində reydlər başa çatıb
02 dekabr 2010 17:51 (UTC +04:00)

Bakı məktəblərində reydlər başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumtəhsil müəssisələrində keçirdiyi reydlər yekunlaşıb.

İdarənin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev Lent.az-a bildirib ki, noyabrın 24-dən 30-dək davam edən reydlər paytaxtın 55-58 məktəbini əhatə edib. Reydlər zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti yoxlanılıb. Həmçinin məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də nəzarət olunub.

Firudin Həmzəyev deyib ki, reydlərin ilkin nəticələri məktəblərin fəaliyyətində ciddi problemlər aşkarlanmayıb. Bununla belə, bəzi məktəblərdə isə şagirdlərin dərsə davamiyyəti, vahid məktəbli formasının tətbiqi, “məktəbli kitabçası” və jurnalın yazılması, şagirdlərin qiymətləndirilməsi məsələlərində xırda çatışmazlıqlar aşkarlanıb. Onun sözlərinə görə, gələn həftədən paytaxt məktəblərinin bir qismində yenidən reydlər aparılacaq. Bu zaman birinci mərhələdə reydlərin təşkil olunduğu bəzi məktəblərin yenidən yoxlanması da istisna olunmur. Təkrar yoxlamalar isə əvvəlki reydlərdə qeydə alınan nöqsanların aradan qaldırılıb-qaldırılmadığını müəyyənləşdirmək məqsədi daşıyacaq.

Sektor müdiri deyib ki, aparılan reydlərin nəticələri Təhsil Şurasında müzakirə olunacaq. Yığıncaqda nöqsanlar aşkarlanan məktəblərin rəhbərləri barədə təbirlər görüləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar