Modul təlim proqramları necə tətbiq olunmalı
26 noyabr 2010 10:41 (UTC +04:00)

Modul təlim proqramları necə tətbiq olunmalı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı Layihəsi: 2010-2012-ci illər üçün Modul Təlim Proqramları” Layihəsinin işçi qrupunun üzvləri və icraçılarından ibarət 8 nəfərlik nümayəndə heyəti Polşada təlim səfərində olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Şərqi Avropada, xüsusən Polşada modul təlim proqramlarının hazırlanması və tətbiqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təşkil olunan səfər çərçivəsində bu ölkənin 3 şəhərində - Radom, Jeşuv və Varşavada müzakirələr aparılıb. Radomdakı Polşa Davamlı Texnologiyalar İnstitutunda (DTİ) keçirilən görüşdə institutun rəhbərliyi və mütəxəssisləri tərəfindən Polşada təhsil sistemində modul kurikulum, əmək bazarında işsiz və işaxtaranlar üçün modul təlim proqramları və milli peşə standartlarının hazırlanması, peşə təhsilinin davam etdirilməsi üzrə idarəetmə və keyfiyyətə zəmanət metodları barədə məlumat verilib. Azərbaycan nümayəndə heyəti həmçinin təlim-tədris prosesində qabaqcıl təcrübələrin, elmi-pedaqoji sahədə yeni təcrübə və texnologiyaların tətbiqi metodlarının mübadiləsi məqsədilə institut və müəssisələrin əlaqəli işinin təşkili ilə bağlı məlumatlandırılıb. Həmin institutun laboratoriyalarında olan nümayəndə heyəti burada istifadə olunan avadanlıq və aparılan təhlil işləri ilə tanış olublar.

Peşə Təhsili Müəssisələri Mərkəzinin ən böyük regional mərkəzlərindən biri Jeşuv Peşə Təhsili Mərkəzində keçirilən görüşdə isə nümayəndə heyətinə təşkilatın strukturu və funksiyaları, işsiz və işaxtaranlar üçün təlimin qurulması, yenidənhazırlıq və iş yerində təlim məsələlərinin həlli, əmək bazarının və ya işəgötürənlərin tələblərinə uyğun peşə hazırlığının təşkili, bu zaman modul proqramların tətbiqi ilə bağlı məlumatlar verilib. Nümayəndə heyəti mərkəzin iş emalatxanaları, burada bərbərlik, kosmetologiya, parketdöşəmə, plitəçilik, tornaçılıq və digər peşələr üzrə həyata keçirilən praktik məşğələ prosesləri ilə tanış olublar.

Varşavada isə Əmək və Sosial Siyasət Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib. Geniş fikir mübadiləsi şəraitində keçirilən görüşdə Polşada modul təlim proqramlarının hazırlanması, inkişafı və həyata keçirilməsi üçün tətbiq olunan hüquqi mexanizmlər, maliyyələşdirmə, əmək bazarı, məşğulluq, modul təlim proqramlarının həyata keçirilməsi prosesinə sosial tərəfdaşların cəlb olunması məsələləri müzakirə olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540

Oxşar yazılar