Zirəddin Rzayev: “2011-ci ildə 2 zəlzələ olacağı ehtimalı var!” - MÜSAHİBƏ
16 oktyabr 2010 15:53 (UTC +04:00)

Zirəddin Rzayev: “2011-ci ildə 2 zəlzələ olacağı ehtimalı var!” - MÜSAHİBƏ

Dünyaya dualizm fəlsəfəsindən yanaşsaq, bir çox nəsnələrə, olaylara münasibətin ağ-qaraya bölündüyünü görürük. Düşüncələrimizdəki bu ikiləşməylə yanaşı, qəzavü-qədər (fatalizm) deyilən şey də yaddaşımızın bir kənarında özünə daimi məskən salaraq yaşamımız boyu bizimlə olub, ya biz elə qəbul etmişik. Elə isə sabah nə olacağı, başımıza nə gələcəyini “Allahdan başqa kimsə bilə bilməz” inancıyla “bilmək istəyi” qarşıdurmasına ayaq verən nədir? İnancımıza güc gələn maraqmı? İsbatsızı isbat etmək istəyimi? Sonunda hər ikisi eyni rişədən-tərəddüddən qidalanmırmı?

Bu maraqla bir çoxumuz özümüzü inkar etdiyimiz falçı, baxıcı, ekstrasens qapısında görürük. Əslində o qapılara gedən insanlar kimi ona yanaşmalar da ikilidir. Kilsə Nostradamusa inanmayıb, az qala onu odda yandırılmasına fərman verəcəkdi. Janna D Ark isə odda yandırdı.
Adiləri möcüzələşdirən də, möcüzələri adiləşdirən də bizik. Bəzən birincinin gündəmi zəbt etməsi ikincinin ucuzlaşmasına, dəyərdən düşməsinə zəmin yaradır. Müasir dünyagörüşlü, savadlı insanlar ekstrasenslərin dünyanı dəyişməyəcəyini bilə-bilə yenə də onlardan möcüzə gözləyirlər. Niyə?

Əndişeyi zat qılmaq olmaz,
Bilmək, bu yetər ki, bilmək olmaz.

Son zamanlar adı Azərbaycan KİV-də tez-tez hallandırılan tanınmış ekstrasens Zirəddin Rzayevlə söhbətə Məhəmməd Füzulinin bu beytinin beynimdə yaratdığı asossiasiya ilə başladım.

- Ekstrasensə ilk sual nə ola bilər?

- (Gülür) Lujkovun işdən çıxarılacağını bilirdinizmi? Onu soracaqdınız.

- Doğrusu Faiq Ağayevlə bağlı açıqlamanızdan sonra jurnalistin bu tipli ironik sualla müraciət edəcəyini bilməniz məntiqdən doğandır. Elə olsun.

- Bilirdim. Bu haqda Rusiya hökumətində işləyən bir qadın dostum var, ona demişdim.

- Bəs onun yerinə kim gələcək?

- Adında “s” hərfi var.

- Resin?

- Yox.

- Bəs kim?

- Adını tam olaraq deməyəcəyəm.

- Bilmirsiniz, ona görəmi?

- Bilirəm ona görə.

- Azərbaycanda belə bir istefa gözlənilirmi?

- Bu suala cavab vermək istəmirəm.

- Sizinlə başladığımız bu yarıciddi tonu tam ciddi axarda davam etdirək! Sizi ekstrasens Zirəddin Rzayev olaraq Rusiya tanıtdı, Azərbaycan qəbul etdi. Amma birmənalı olmayaraq. Rusiyanın “TNT” kanalında yayımlanan “Ekstrasenslərin yarışı” yarışmasında qazandığınız uğurun sevinci yaşanıb bitməmiş, “qaliblər də mühakimə olunur” prizmasından çıxış edənlər müxtəlif versiyalara əl atdılar. Özünü intellektual, müasir dünyagörüşlü sayanlar ekstrasensləri, o cümlədən Sizi ictimai şüuru çaş-baş salmaqda, mövhumata, cəhalətə sürükləməkdə günahlandırırlar. Ekstrasens olaraq Sizə rəğbətlə yanaşı, bu qədər qəzəbi yaradan nədir?

- Mənə elə bir sahə göstərin ki, ona ikili münasibət olmasın. Ali təhsilli jurnalistdən, həkimdən tutmuş taksi sürücüsünə qədər. Kimin kim olduğunu ayırd eləmək hər bir insanın intellektual səviyyəsindən asılıdır. Hər bir fəaliyyətin yaxşı və pis tərəfi var. Bunu görmək üçün düzgün məntiq və təfəkkür lazımdır. Ekstrasensorika bizdə yeni olan sahədir və ona görə də bu cür qarşılanmalar təbiidir. Bütün kütlənin adından danışsaq, yanılmış olarıq. Amerikalılar Edqar Keysi qəbul edir, üstündən vaz keçmirlər.

- Amerika cəmiyyəti üçün bu qəbul edilən olsa da, bizdə bu kimi əməllər şeytana xidmət etmək tək dəyərləndirilir.

- Bəzi din xadimləri “Quran” ayələrini hərəsi öz xeyrinə yozurlar. İslam məzhəb və təriqətləri buna ən gözəl nümunədir ki, onlar bir kitaba inanıb müxtəlif yollara ayrılırlar. Hərəsi öz yolunda özlərini haqlı bilirlər. Məsələn, Mir Möhsün ağaya inanan müsəlmanlar var, onu inkar edən islami təriqətlər də. Bundan əlavə xristianlığın özündə də bu kimi hallara təsadüf olunur. Tarixi şəxsiyyət olaraq tanıdığımız Janna D Arkın həyatına nəzər salaq. Din xadimləri vaxtilə onu cadugər, falçı, şeytani güc kimi qiymətləndirmiş və hətta diri-diri yandırmışlar. Janna D Arkın ölümündən neçə əsr sonra yenə din xadimləri onu xristian dünyasının müqəddəsi kimi qəbul edir. Savadlı və məntiqli insanlar bu haqda yetərli informasiyaya malikdirlər. Məlumatsız insanlar isə Janna D Arkın həyatına baxsınlar. Ataların bir sözü var: “Din bir yana, iman min yana gedər”. Bu gün Zirəddin Rzayev fenomenini hərə öz arşını ilə ölçür.
O ki, qaldı Edqar Keysin timsalında misal gətirdiyim Amerika cəmiyyətinə, psixologiya, fəlsəfə Amerikada da elmdir, başqa yerlərdə də. Elmin yolu birdir. Mənim dini təhsilim yoxdur. İxtisasca filosofam. Mənim fikrimcə dinləri məhz fəlsəfə və psixologiya baxımından öyrənib, tətbiq etmək lazımdır.
Nəsimi fəlsəfəsini nəzərə alsaq, insan aliliyi, qüdrəti, kamilliyi izah olunmur. Divanəsi olduğum Pir Hünkar Hacı Bektaş Vəli buyurub: “Oxunacaq olan ən böyük kitab insandır!” Məhz bu baxımdan mən özümdə baş verən paranormal hadisələri elmi və dini nöqteyi-nəzərdən qiymətləndirə bilmirəm. Necə ki, müasir elm peyğəmbərimizin Meracını (ərşə qalxmasını), savadı olmaya-olmaya “Quran” adlı möcüzəli bir kitaba necə sahib olduğunun izahını verə bilmir.

- “ Kosmosla əlaqəyə girmək” ifadəsini Sizə yarlıq edərək sarkazmla işlədirlər?

- Çox yuxarıda olduğuma görə istifadə edirlər hər halda. (Öz növbəsində o da ironiya ilə gülür). Mən bu cümləni işlətdiyim yadıma gəlmir. Hansı jurnalistlə söhbətdə işlətmişəmsə, onu mənə xatırlatsalar minnətdar olaram. Amma mən işlətmədiyimə əminəm.

- Sizə müraciət edənlərin çoxu şou-biznes əhlidir?

- Niyə ki? Sadəcə mətbuata açıq olanı onlardır. Bəlkə ulduz olduqlarına görə.

- Ulduz demişkən, astrologiyaya inanırsınızmı?

- Bəli. Elə bir cansız əşya varmı, onun kosmosla əlaqəsi olmasın? Kosmosda dəyişiklik baş verəndə həkimlər xəstələrinə çölə çıxmamağı məsləhət görürlər. Kosmosda olan dəyişikliklər onların sağlamlığına təsir edir. Bu kosmosla əlaqə deyilmi?

- Onda, jurnalistlər Sizin gücünüzü kosmosla əlaqələndirməkdə səhv etmirlər...

- Onlar öz düşüncələri çərçivəsində bu hökmü irəli sürürlər. Allah razı olsun. Amma mən fövqəltəbii gücümü nə ulduza, nə Aya bağlayıram. Mən Allahın təkliyinə inanıram. Hər nə edirsə Allah edir. Mən sadəcə vasitəçiyəm.

- Görmələr necə baş verir?

- Çətin sualdır. Bəsit şəkildə belə başa sala bilərəm ki, əsl ekstrasens və ya fövqəltəbii gücə malik olan insan ayıq olduğu halda belə yuxular görür, səslər eşidir və faciələr yaşayır. Təəssüflər olsun ki, tam təfsilatı ilə izahı mümkün deyil. Onu da qeyd etmək yerinə düşərdi ki, bu məndə 4 halda təzahür edir.
1. Yuxular görürəm; 2. Görmələr ayıq vaxtlarda baş verir; 3. Səslər eşidirəm ; 4. Hiss edirəm

- Bunlardan dəqiqi, informasiya yükü dolğun olan hansıdır?

- Ən güclüsü və ən dəqiqi eşitdiyim səslərdir. Bununla bağlı sizə maraqlı bir fakt danışacam. “Ekstrasenslərin yarışı”nda növbəti tapşırıqlardın biri 6 nəfərin içindən bir oğrunu tapmaq idi. O anda səs eşitdim - “sağdan ikinci”. Tapşırığa gedəndə sağdan ikincinin görkəm və geyiminə görə oğruya oxşamadığını, soldan ikincinin - qulağı sırğalının daha çox qeyri-ciddi olduğunu gördüm. Eşitdiyim səsə yox, məntiqimə qulaq asıb “soldan ikincidir” dedim. Təbii ki, səhv etdim. Bu zaman sağdan ikinci mənə “bu elə mənim kimi ekstarsensdir” dedi. O, anda ona “sənin bir qardaşın var, ən böyük arzusu milis işçisi olmaq olub. Alnının sağ tərəfində çapığı var. Ananız da xərçəng xəstəliyindən əziyyət çəkir” söylədim. O heyrət içində “Qardaşım haqqında daha nə deyə bilərsən?” deyə soruşdu. Mən rus dilini bilmədiyim üçün “yerimir” sözünü “ne xodit” yox, “ne zaxodit” kimi səsləndirdim. Və o anda təkərli əlil arabası ilə gəzdiyini bildirmək üçün əlimlə havada dairə çəkib zorla başa saldım ki, şikəstdir. İnanın, o anda təkər – “koleso” sözünü də tapa bilmədim. Verilişə baxmısınızsa, o tapşırığı doğru yerinə yetirməsəm də, məni alqışlarla yola salırlar. Çünki bu söylədiklərim efirə verilməyən hissədə olmuşdu. Həmin videoyazı mənim arxivimdə var. Bunlar nadir hallarda baş verir.
2-ci yerdə duran yuxularımdır ki, daha dəqiq informasiyalar əldə edirəm. 3-cü yerdə görmələrim durur. 4-cü yerdə hissim. Bəzən elə şeylər görürəm ki, heç cür izahını verə bilmirəm. Bu zaman hissiyatım mənə gömək edir və hisslərimlə izahını verə bilmədiyim görmələrimə cavab tapıram.
Məni sakitləşdirən və təsəlli verən məhz məndə olan bu hallardır ki, mənə inanmayan insanlara qarşı güc verir. Mən özüm-özümə inanıramsa bu mənə bəs edir.

- Sizə qədər adı çəkilən yarışmada qaliblər olmuşdu. Onlar içərisində sadəcə siz İslandiyada baş verəcək vulkanı və Avropanın tüstü içində olacağı proqnozunu verdiniz. Rusiya ictimaiyyətində bu necə qarşılandı?

- Azərbaycan mətbuatında mənim Rusiyada qəbul edilməyim və hansı yöndən qarşılanmağım, Rusiya KİV-nin mənə münasibəti ilə bağlı ilk dəfə sual verilir. Əvvəlcə bu suala görə təşəkkür edirəm.
Proqnozlardan sonrakı reaksiyalara gəlincə, onları yazılı vermişdim və bəlkə də çoxları inanmamışdı. Amma bu proqnozlar özünü doğrultduqdan sonra müxtəlif teleradiolara, ən reytinqli verilişlərə dəvətlər gəldi. Dəvət olunduğum proqramlarda mənə çox hörmət və rəğbətlə yanaşırlar. Mənə müxtəlif məsələlərlə bağlı tez-tez müraciət edirlər. Sahəsinin bilicisi-eksperti kimi rəyimi soruşur, mənim fikrimlə razılaşırlar. Ümumiyyətlə, Rusiyada - paytaxt Moskvada bütün sosial təbəqələrin nümayəndələri arasında özümə qarşı çox doğma münasibət hiss edirəm. Getdiyim yerlərdə ruslar məni özümüzünkülərdən daha tez tanıyır, şəkil çəkdirmək, avtoqraf almaq üçün müraciət edirlər.

- Mən iki Zirəddin tanıyıram. Rəsmi və qeyri-rəsmi. Şeir deyib, mahnı oxuyan Zirəddin və həkim-psixoloq, fenomen Zirəddin.

- Hər ikisi təbii və səmimidir. Fenomen olanların adi insanlardan fərqi odur ki, insanlar istədikləri uğurları öz elmi, biliyi, ağılları ilə əldə edə bilərlər. Məndəki bu fövqəltəbii gücü isə insan öz istəyi ilə əldə edə bilmir. Və yaxud onu öz istəyi ilə özündən uzaqlaşdıra bilmir.

- Öz istəyinizlə uzaqlaşa bilsəydiniz, uzaqlaşardınızmı?

- Qərar verə bilmirəm. Hərdən şikayətçiyəm, hərdən məmnun. Ümumilikdə çox çətindir. Dünyanın hər yerindən mənə müraciət edirlər. Mənim mənə inananlara, onların da mənə ehtiyacı var.

- Dünyanın hər yeri deyəndə...

- Şəxsi tərcüməçiləri ilə gələn vəzifəli şəxslər olur.

- Məsələn?

- Psixoloqa, dindara, həkimə olunan müraciətlərin kütləyə açıqlanmasını əxlaq nöqteyi-nəzərindən məqbul saymıram.

- Özünüzü qorumaq baxımından bəlkə?

- Xeyr! Əxlaqi baxımdan düzgün qiymətləndirmirəm. Mən münaqişə törədəcək halları nəzərə alaraq, bu kimi informasiyaları məhdud şəkildə sahibinə çatdırıram. “Kim oğurlayıb, kim öldürüb, kim sifariş verib?” suallarına konkret cavab vermirəm. Bu nə mənə lazımdır, nə onlara.

- Vəzifəli, varlı adamlar nəylə bağlı müraciətlər edirlər?

- Müraciətlər müxtəlif olur. Hər kəs onu sıxan problemlərlə əlaqəli müraciət edir. Şəxsi ailə-məişət məsələsindən tutmuş, iş, karyera, biznes planlarına, sağlamlıqlarına kimi. Məndən məsləhət alırlar.

- Varlıların problemi kasıblarınkından fərqlənirmi?

- Problemlərin kasıb və ya varlıya aidiyyatı yoxdur. Problem hər yerdə problemdir.

- Havalar necə olacaq? Moskvanın yayı istisiylə yandırdı, tüstüsüylə “göz çıxartdı”. Bəs qışı?

- Aqressiv olacaq. Qışın qəzəblə gəldiyini görürəm. Əvvəlki illərə bənzəməyən sərt qış keçəcək.

- 2011-ci ilə hansı proqnozlarınız var?

- 2011-ci ildə 2 zəlzələ olacağı ehtimalı var. Onlardan biri insanları qorxudacaq. Yəni çoxlu insan itksi ilə müşayiət olunacaq. Avropada böyük bir zavodun yandığını da görürəm.

- Bəs Azərbaycanla bağlı?

- Azərbaycanla bağlı proqnoz vermək istəmirəm.

- Söhbətə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm. Və sonda ?...

- Və sonda... onu bildirmək istəyirəm ki, Azərbaycandan olan hər bir jurnalistin sualını cavablandırmağa hazıram. Nəyə aydınlıq gətirmək istəyirlərsə, özümdən soruşsunlar. Əks halda, mənim adımdan yazılan şayiələr keçərsizdir. Mən bunları qəbul etmirəm. Hər birinizə uğurlar diləyirəm!

Tünzalə Vəliqızı

Moskvadan, xüsusi olaraq Lent.az üçün
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698

Oxşar yazılar