Oğru dünyasının əsilzadələri: cibgirlər - HEKAYƏT - I yazı
11 oktyabr 2010 11:45 (UTC +04:00)

Oğru dünyasının əsilzadələri: cibgirlər - HEKAYƏT - I yazı

...cibgirlərdən qorxan cibim – İçəri şəhər...

(Vaqif Səmədoğlu)


...Bazarın tən ortasında dayanıb qızğın söhbət edirdilər. İkisinin də bazarlıq yükünü sürücüsü çəkirdi deyəsən. Yolun ortasında durub gediş-gəlişə mane olduqlarına məhəl qoymadan söhbət edirdilər. Həm görkəmlərindən, həm elədikləri bazarlıqdan, həm də camaatın yolunu necə kəsdiklərinin fərqinə varmadıqlarından bəlliydi ki, varlı-hallı adamdırlar.

Tez keçib getmək istəyən, bazara işdən sonra, yorğun-arğın gəldiyindən qayğılı, qaraqabaq və tələskən adamların dodaqaltı mızıltısı, aşkar donqultusu belə həmin o iki nəfərin eyninə deyildi. Sanki vücudlarına millənən biz kimi iti, narazı, əsəbi baxışları da görmürdülər. Bu kişilərin nümayişkaranə etinasızlığı uzaqgörən insanları isə məcbur edirdi ki, yollarını dəyişib qonşu keçiddən ötsünlər – axı qan qaraltmağın nə mənası...

...Cəmi üç dəqiqə çəkdi bütün bu səhnə. Kişilərin çənəsi qızışdı, camaat isə yolunu dəyişməyə adət elədi. Amma birdən nə oldusa, hər iki tərəfdən üç-dörd adam məhz onların durduğu yerdən keçmək istədilər. İtələşə-itələşə ikisi bəri, ikisi də o üzə keçirdi. İndicə nə baş verəcəyini duyurdum. Qanımdakı adrenalin də bundan kəlləçarxa vurmuşdu. Mən hələ bu yaşadək bilmirdim ki, oğurluğu izləmək də, elə oğurluğun özü qədər adrenalin mənbəyidir.

O dörd nəfəri az qala, gözlərimlə yeyirdim. Nə baş verdiyini yaxşı bildiyimdən, əllərinin hər hərəkətini, sifətlərindəki bir az çaşqın, bir az da biganə ifadəni əzbərləməyə çalışırdım...

Elə bu an üçcə addım aralı, bir qadın satıcıyla ucadan dilləşməyə başladı; deyəsən tərəziyə çürük meyvə qoymuşdu. Səsini başına atıb bir hay-haray qopardı ki, deyəsən məndən savayı hamı o səmtə çöndü. Mən isə nəfəsimi də qısıb qımıldanmadan baxırdım. Bu yaşıma qədər “tryasunu” iş başında görməmişdim axı...

Darıxmayın, bir çox başqa mətləblərlə yanaşı, bu sözün də mənasını sizə açacam, indilikdə bircə onu deyim ki, “tryasun” növbənöv cibgir peşələrindən biridir.

Nə başınızı ağrıdım, mən tərəfdən gedən iki nəfər qarşıdan gələnlərin yolunu kəsdi və həmin o kişilər bir anlıq ortada qaldılar. “Həyatın on yeddi anından bircəsi” bəs elədi ki, araya kor duman kimi qatı sükut çöksün. O an ürəyimin şıdırğı döyüntüsündən savayı, heç bir şey eşitmirdim. Bəri keçənlər də, o yana ötənlər də hərəsi bir tərəfə dağıldı. Çürük alma üstündə səsini başına atıb dad eləyən arvadın da səsi kəsildi. Və bütün ətraf lal kinonun fraqmentlərini xatırlatmağa başladı...

İndi mən yalandan durub deyim ki, o özündənrazı kişinin arxa cibindən pulqabını necə çıxardıqlarını gördüm? Demərəm. Ona görə demərəm ki, axı görmədim. Görünsəydi, heç ona “usta” deyərdilər. Amma yüz faiz bilirdim. Az sonra isə tam əmin oldum. Əməllicə şəllənmiş sürücüsüylə bir yerdə qəssabdan çıxarkən çiynini çaşqın görkəmlə necə çəkdiyini görsəydiniz, elə siz də əmin olardınız...

Bəzən mənə çox mənasız bir sual verirlər: Cibgirlər nə vaxt yaranıb? Heç kəsin xətrinə dəymək istəmirəm, amma oğru dünyasında cavabı dəqiq bəlli olan bircə sual varsa, elə budur. Cavab belədir: Cibgirlər elə cib yaranandan yaranıblar.

Neçə dəfə şahidi olmuşam ki, cinayət aləmiylə, onun qəribə qanunlarıyla maraqlanan adamlar başkəsənlərdən, qatillərdən, quldurlardan heyranlıqla danışdıqları halda, cibgirlərdən söz düşəndə üzlərinə bir ikrah ifadəsi qondururlar. Amma cibgirləri cinayət aləminin ən aşağı zümrəsi hesab edənlərin diqqətinə çatdırım ki, bu peşənin peşəkarları kriminal elita sayılırlar və lap bineyi-qədimdən belə olub.

Bu silsilə yazımızın məqsədi cibgirlərin həm dünəninə, həm bu gününə bir ekskurs etməkdir ki, sabahının necə olacağı barədə sizdə də təsəvvür yaransın. Cibgir adı gələndə qorxudan rənginiz qaçmasın, onların peşə incəliklərini öyrənib özünüzü qorumağı bacarasınız.

Soruşacaqsınız: Niyə?

Cavab verirəm: Hər cibgir hər bir “əməliyyatında” öz həyatını riskə qoyur. Cinayətinin bahasını ödəmək üçün onun öz həyatından, öz azadlığından başqa heç nəyi yoxdur. Və çox vaxt bu riski bir qarın çörək naminə qəbul edir – indi küçə-bazarda gəzənlərin cibində pul olur ki?...

Necə bilirsiniz, məgər onlar onun-bunun üzünə durmaqla, 50 manata yalançı hal şahidi olmaqla bala dolandıra bilməzdilər?

Cavab verirəm: Əlbəttə ki, yox. Çünki onlar cinayət dünyasının elitası, əsilzadəsidirlər. Və hər bir əsilzadə kimi, yalnız öz adlarıyla öyünürlər...

Beləliklə, ilk söhbətimi icazənizlə burda yekunlaşdırardım. Bir az dağınıq oldu, məni məzur tutun. Amma bir arzum var, istəmirəm deməmiş olum. Ünsiyyətimizi ikitərəfli qura bilsək, daha yaxşıdır. Şükür ki, internet buna imkan verir. İçinizdə sual cücərsə, çəkinməyin, [email protected] ünvanına yazın, cavablandırmağa çalışaram.

Allah hamını şər-xatadan qorusun!

Hörmətlə, sizin

İ.Q.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar