ABU tələbələrini dərsə çağırır (?)
13 sentyabr 2010 14:23 (UTC +04:00)

ABU tələbələrini dərsə çağırır (?)

Sentyabrın 1-dən lisenziyası dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin bərpa oluna biləcəyi barədə məlumatlar yayılıb. Hətta bu barədə universitetin həyatində, tədris korpuslarının qapısı qarşısında bir neçə yerdə elanlar da vurulub.

ABU-nun jurnalistika fakültəsinin IV kurs tələblərindən biri Lent.az-a bildirib ki, həmin elanlarda bütün tələbələrə sentyabrın 15-də, yeni dərs ilinin ilk günündən dərsə gəlmələri tövsiyə olunur. Adının çəkilməsini istəməyən tələbə deyir ki, o, bu gün sənədlərini götürmək üçün universitetə yollanıb. Lakin universitetin həyətində rastlaşdığı elanla tanış olduqdan sonra əvvəlcə fakültə dekanı Bəxtiyar Qibləlioğlu ilə görüşmək qərarına gəlib: “Təhsil Nazirliyinin köçürülmə ilə bağlı qərarına əsasən, mən təhsilimi Bakı Avrasiya Universitetində davam etdirməliyəm. Ona görə də sənədlərimi ABU-dan götürüb Avrasiya Universitetinə təqdim etməliyəm. Ancaq elanı oxuduqdan sonra Bəxtiyar müəllimin yanına getdim. O da dedi ki, universitet fəaliyyətini davam etdirəcək, sentyabrın 15-də hamı dərsə gəlməlidir. Hətta Bəxtiyar müəllim universitetin bərpası ilə bağlı bu gün saat 15.00-da rəsmi məlumat gələcəyini söylədi. Ona görə də mənim sənədlərimi vermədilər”.

Lent.az universitetin yenidən fəaliyyətə başlaya biləcəyi barədə məlumatlara aydınlıq gətirmək üçün Bəxtiyar Qibləlioğlunun özü ilə də əlaqə saxlayıb. Fakültə dekanı hazırda universitetdə iclasda olduğunu bildirərək ətraflı məlumat verə bilməyəcəyini deyib: “Universitetin fəaliyyətinin bərpa olunacağını mən də eşitmişəm, ancaq dəqiq bilmirəm. Hazırda iclas gedir, saat 5-də əlaqə saxlasanız dəqiq məlumat verərəm”.

Təhsil Nazirliyi aparatının baş məsləhətçisi İlyar Vahabov ABU-nun yenidən fəaliyyətə başlaması barədə məlumatları “cəfəngiyyat” adlandırıb. Nazirlik rəsmisi universitetin giriş qapılarına yapışdırılmış elanlardan da xəbərdar olduqlarını deyib: “O elanları özbaşına yapışdırıblar. Bununla bağlı xəbər tutduqdan sonra həmin elanların hamısı artıq yığışdırılıb. Onlar istəyirlər ki, yenə də tələbələri aldatmaqla onlara yalan vədlər versinlər. Amma bunların hamısı boş şeydir. ABU-nun yenidən fəaliyyət göstərməsi mümkün olan şey deyil”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar