DSMF-nin fəaliyyəti Avropada təqdir olunur
08 sentyabr 2010 16:49 (UTC +04:00)

DSMF-nin fəaliyyəti Avropada təqdir olunur

Ötən həftə Parisdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvlərinin növbəti görüşü olub. Rəhbər Komitənin başçısı Erri Stuvenin (Hollandiya) sədrliyi ilə keçirilən görüşdə Azərbaycanı Dövlət Sosial müdafiə Fondunun (DSMF) sədr müavini Zakir Babayev təmsil edib.


Fondun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, görüşə Polşa, Fransa, Almaniya, İtaliya və İsveçin sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri qatılıb. Görüşdə BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin cari ilin mart ayında Varşavada (Polşa) keçirilən görüşünün Protokolu təsdiqlənib, BSTA-nın Avropa şəbəkəsinin 2010-cu ilin sonuna qədər həyata keçirəcəyi tədbirlər, habelə onun 2011-2013-cü illərə nəzərdə tutulan tədbirlər planı müzakirə olunub.


BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvləri arasında 2011-ci ilə nəzərdə tutulan dəyişikliklər məsələsi nəzərdən keçirilib. Təşkilatın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvləri Azərbaycan tərəfinin fəaliyyətini yüksək qiymətləndirib və DSMF-nın Rəhbər Komitədə iştirakının səmərəli olduğunu nəzərə alaraq onun təmsilçiliyinin saxlanılmasını məqbul hesab ediblər.


Görüşdə cari ilin sonunda Keyptaunda (CAR) keçiriləcək Dünya Sosial Təminat Forumuna hazırlıq barədə BSTA-nın nümayəndələrinin məlumatı dinlənilib. Rəhbər Komitənin görüşündən sonra Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev BSTA-nın və Fransa Respublikasının Ailə Müavinətləri Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilən iki günlük texniki seminarda iştirak edib.


Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar