Magistraturaya sənəd qəbulu başladı
13 aprel 2009 15:00 (UTC +04:00)

Magistraturaya sənəd qəbulu başladı

Birinci mərhələ üzrə imtahanlar mayın 3-də, ikinci mərhələ isə iyunun 21-də keçiriləcək

Bu gündən etibarən 2009/2010-cu tədris ili üçün ali məktəblərin magistraturasına sənəd qəbulu başlanıb. Aprelin 20-dək davam edəcək sənəd qəbulu internet vasitəsi ilə aparılacaq.

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə imtahanlara hazırlıq prosesinə dair keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədri deyib ki, magistraturaya sənəd qəbulu üçün Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və Naxçıvandakı universitetlərdə ümumilikdə 25 sənəd qəbulu komissiyaları (SQK) yaradılıb.

Məleykə Abbaszadə magistraturaya sənəd qəbulunda bir sıra yeniliklərin olduğunu deyib. Bu yeniliklərdən biri həm sənəd qəbulu prosesinin, həm də imtahanların iki mərhələdə aparılması ilə bağlıdır. Onun sözlərinə görə, bakalavrlar şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə komissiyanın rəsmi internet səhifəsində (tqdk.gov.az/erizemagistr) "Bakalavrın elektron ərizəsi" formasını doldurmalıdır. Bundan sonra bakalavr bitirdiyi ali məktəbdə Sənəd Qəbulu Komissiyasına (SQK-ya) tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirməlidir.

Məleykə Abbas bildirib ki, bu il magistratura üçün nəzərdə tutulmuş plan yerləri hələ təsdiqlənməyib. Bu səbəbdən də bakalavrlar öz ərizələrində ixtisas seçimini imtahanın birinci mərhələsindən sonra, təxminən iyun ayında aparmalı olacaq. Birinci mərhələdə test imtahanı ilə bakalavrın məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. TQDK sədrinin fikrincə, bu mərhələ üzrə test imtahanı mayın 3-də olacaq. Bu mərhələni müvəffəqiyyətlə başa vurmuş namizəd müəyyən olunmuş tarixdə elektron ərizələrinə daxil olaraq bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etməlidirlər. Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.

İkinci mərhələdə isə test üsulu ilə (bəzi proqramlar üzrə isə yazılı imtahanla) qəbul olunmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılacaq və bu imtahanın iyunun 21-də keçiriləcəyi planlaşdırılır. Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər iki mərhələ üzrə ümumilikdə 75 bal toplaya bilən bakalavr müsabiqədən keçmiş hesab olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785

Oxşar yazılar