“Aysu” su və şirələri zay çıxıb
10 avqust 2010 11:15 (UTC +04:00)

“Aysu” su və şirələri zay çıxıb

Bu sərinləşdirici içkilərin şəkər deyil, şəkər əvəzedicisi ilə hazırlandığı təsdiqlənib


“Aysu Qida Sənaye LTD” MMC-də aparılan yoxlama zamanı müəssisənin anbarındakı məhsullardan götürülən nümunələrin laborator müayinəsinin nəticələri artıq bəllidir.


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş “Aysu” əmtəə nişanlı şəkərli sərinləşdirici içkilərin etiketlərində məhsulun tərkibi barəsində düzgün olmayan məlumatların yerləşdirildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi üzə çıxıb. Belə ki, müəssisədə istehsal edilmiş “Aysu” əmtəə nişanlı qazlı limon, albalı və şaftalı içkilərinin, “Aysu” əmtəə nişanlı kvasın, “Frutta” adlı qazlı tərxun, düşes və portağal aromalı içkilərin etiketlərində məhsulun tərkibində şəkər olduğu göstərilsə də, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində həmin məhsulların şəkər əvəzedicisi ilə hazırlandığı müəyyən edilib.


Xatırladaq ki, bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti ilə “Aysu Qida Sənaye LTD” MMC-nin 40 ton məhsulu məhv edilmişdi. Hazırda “Aysu Qida Sənaye LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmaları davam etdirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar