Bəzi kolbasa sexlərində yoxlama aparılacaq
05 avqust 2010 11:15 (UTC +04:00)

Bəzi kolbasa sexlərində yoxlama aparılacaq

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 120 kolbasa və kolbasa məmulatından nümunə götürüb.


Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, nümunələrin 108-də bakterioloji çirklənmə aşkarlanmayıb. Onların arasında birbaşa istehsal müəssisənin özündən də götürülən nümunələr var.
Nümunələrdən 12-də bakterioloji çirklənmə aşkarlanıb.


İ.Abdullayevin sözlərinə görə, Xətai rayonu, Mingəçevir küçəsindəki ərzaq mağazasından götürülmüş “Doktorski” kolbasasında, Nizami rayonundakı Babək prospektindəki mağazadan götürülmüş sosiskalarda, mal ətindən hazırlanan “Servelat” sosiskalarında çoxlu çirklənmələr aşkarlanıb. Eyni zamanda, Xətai rayonu, Mehmandarov küçəsi, 100 ünvandan götürülmüş “Həvəskar” kolbasasında bakterioloji çirklənmənin həddi normadan artıq olub. Səbayel rayonunun Bayıl qəsəbəsinin Xanlar küçəsi, 28 ünvanındakı ərzaq mağazasından götürülmüş bişmiş “Moskovski” kolbasasında, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mustafayev küçəsi, 1 ünvanındakı mağazadan götürülmüş “Servelat” kolbasasında, Sabunçu rayonu, Maştağa qəsəbəsi Heybətov küçəsindəki “Səma” ərzaq mağazasından götürülmüş mal əti sosiskalarında bağırsaq çöpləri aşkarlanıb.


İ.Abdullayev deyib ki, hazırda RGEM-nin təchizat qrupu fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, sadalanan məhsulları istehsal edən müəssisələrin adları bir həftə ərzində müəyyənləşdiriləcək. Bundan sonra mərkəz həmin müəssisələrdə də yoxlamalar aparacaq: “Amma burada yalnız müəssisə deyil, kolbasa və kolbasa məmulatlarının saxlanılması, satışı, kəsilməsi, kəsilən zaman bıçaqların yuyulması, dezinfeksiya edilməsi kimi məsələlər də aydınlaşdırılacaq. Mərkəz istehsal müəssisələrindən təkrar nümunə götürəcək və onların çirklənmə səbəbini aydınlaşdıracaq. Əgər təkrar nümunələrinin nəticələri də bu nümunələrin nəticələri ilə üst-üstə düşərsə və çirklənmə mənbəyi müəssisənin özü olubsa, onda müəssisə barəsində tədbirlər görüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar