İntellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatı Azərbaycanın inamlı qələbəsi ilə başa çatdı
28 iyul 2010 12:30 (UTC +04:00)

İntellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatı Azərbaycanın inamlı qələbəsi ilə başa çatdı

Ermənilər yenə yalana əl atıblar


Gürcüstanın Batumi şəhərində keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XII Cənubi Qafqaz Çempionatı azərbaycanlı bilicilərin artıq xoş ənənəyə çevrilmiş qələbəsi ilə yekunlaşıb.

Lent.az-ın verdiyi məlumata görə, 3 Cənubi Qafqaz respublikasını təmsil edən ümumilikdə 54 komanda 6 oyun turuna bölünmüş 75 suala düzgün cavab tapmaqda bir-biri ilə yarışıblar.

Balakişi Qasımovun komandası (Anar Əzimov, Adnan Axundov, Elman Talıbov, Anar Quliyev, Rauf Nəcəfli) 75 mümkün xaldan 64 xal toplayıb, ən yaxın rəqibini 7 xal qabaqlayaraq inamlı qələbə qazanıb. Çempionatın ikinci yeri də Azərbaycanı təmsil edən komandaya nəsib olub. Son iki çempionatın qalibi Faiq Hüseynovun komandası (Emil Mədətov, Roman Orkodaşvili, Cəmilə Əzizova, Zaur Ağayev, Rüfət Abdulla) 57 xal toplamaqla ikinci yeri tutub. Gürcüstanı təmsil edən David Rapavanın komandası və erməni komandalarından biri eyni xal yığmaqla üçüncü yeri bölüşdürüblər.


“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatı çərçivəsində cepardi (fərdi, ingilis dilli və komanda), breyn-rinq və futbol üzrə sıra qeyri-rəsmi səciyyə daşıyan yarışlar da keçirilib. Fərdi cepardidə (Rüfət Abdulla) və komanda şəklində oynanılan cepardidə (Vüqar Zeynalov, Emil Mədətov, Əziz Mürşüdlü, Roman Orkodaşvili, Rüfət Abdulla, Rauf Nəcəfli) qələbə Azərbaycan bilicilərinin üzünə gülüb. İngilis dilli cepardidə və futbolda qələbəni gürcülər, breyn-rinqdə isə ermənilər qələbə qazanıblar.

Qeyd etmək lazımdır ki, breyn-rinq oyunu üzrə yarışın “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XII Cənubi Qafqaz çempionatı çərçivəsində qeyri-rəsmi xarakter daşıması ermənilərə 5 qeyri-rəsmi nominasiyadan yalnız birindəki qələbələrini mətbuatda Cənubi Qafqaz Kubokunun onlar tərəfindən qazanılması kimi təqdim etməyə mane olmayıb. Bu hal ermənilər tərəfindən tarixin saxtalaşdırılmasının ilk halı deyil. 1998-ci ildə keçirilmiş I Cənubi Qafqaz Çempionatında birinci yeri Balakişi Qasımovun, ikinci yeri isə Anar Əzimovun komandalarının tutmalarına baxmayaraq, erməni biliciləri Ermənistanda özlərini ilk Cənubi Qafqaz Çempionatının qalibləri kimi təqdim edib və bu yalanın üstü məşhur bilici Boris Burda tərəfindən açılıb.

Son Cənubi Qafqaz çempionatından əvvəl erməni tərəfinin bir sıra təxribat xarakterli hərəkətlərinin qarşısı da alınıb. Azərbaycan bilicilərinin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikasının bölünməz və ayrılmaz tərkib hissəsi olan Xankəndi şəhərində keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Ermənistan çempionatının lisenziyası “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyası tərəfindən geri çağırılıb, çempionatın nəticələrinin Assosiasiya tərəfindən qəbul edilməməsi qərara alınıb. Erməni komandaları tərəfindən son Cənubi Qafqaz çempionatında Dağlıq Qarabağın erməniləşdirilmiş toponimlərinin komanda adı kimi istifadə edilməsi də onlara qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar