Qəhrəman Şəhərdə “Yallı” havası – REPORTAJ
21 iyul 2010 10:30 (UTC +04:00)

Qəhrəman Şəhərdə “Yallı” havası – REPORTAJ

Lent.az-ın əməkdaşı Brestdə azərbaycanlı əsgərlərin və Gürcüstanın sabiq prezidentinin qardaşının məzarlarını aşkarladı

Belarusun Brest şəhəri iyulun 22-də start götürəcək 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatına hazırdır. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Brestdə əsl yarış havası hökm sürür.

Göy rəngli “göydələn”lər arasında

Bir qədər də dəqiqləşdirsək, buna yarış ab-havası da demək olar. Şəhərin geniş və səliqəli küçələrində asılan elanlardan da bu günlərdə Brestin ən böyük tədbiri kimi məhz dünya birinciliyinin olduğunu duymaq mümkündür. Ərazisinə görə Sumqayıtla müqayisə olunan məkana 57 ölkənin 877 avarçəkəni toplaşıb. Onlar 4 gün ərzində 21 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarış iştirakçılarının sərəncamına 2007-ci ilin yanvarında açılmış Brest vilayətinin Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzi verilib. Olduqca cəlbedici görkəmə malik idman qurğusu şəhərin kənarında inşa olunub. Amma həmin ərazi başdan-ayağa yeni tikilən göy rəngli hündürmərtəbəli binalarla əhatələnib.

Ölkə prezidenti Aleksandr Lukaşenkonun idarəçiliyi haqda hər nə qədər mənfi fikirlər səslənsə də, Belarusun inkişafı üçün gördüyü işləri danmaq mümkün deyil. Bunu konkret Brestin timsalında müşahidə etmək olar. Şəhərdə gedən quruculuq işlərinə az qala addımbaşı rast gəlinir. Burada Brestin Avropa Birliyi ölkəsi Polşa ilə həmsərhəd ərazidə yerləşməsi də az rol oynamır. Adi antenna ilə nümayiş etdirilən telekanallar arasında Polşaya məxsus olanları da var. Şəhərdə Varşava bazarı da mövcuddur. Amma polyak dilində danışana rast gəlmək demək olar ki, mümkünsüzdür. Brestdə əsasən, yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Şəhərdə xeyli yaşıllıq var. Parklarda hətta alma, gilas kimi meyvə ağacları var. Özü də onların meyvələrinə heç kim təcavüz etmir.

Soyuq divarlarda güllə nişanı...

Küçələrdə uşaqlar, gənclər və yaşlı nəslin nümayəndələri ilə rastlaşırsan. Sakinlərin üzləri gülür, özləri isə qürurla gəzirlər. Bu da təsadüfi deyil. Onlar QƏHRƏMAN ŞƏHƏR-də yaşayırlar. 1941-ci il iyunun 22-də alman faşistləri Brestə hücum edən zaman, ciddi müqavimətlə üzləşiblər. Mühasirədə qalan 3,5 min – 4 min nəfər sakin şəhərətrafında keşik çəkən hərbçilərə qoşularaq, Brest qalasının müdafiəsinə qalxıb. Onlar Vermaxtın 12 ordu korpusunun qarşısında bir ayadək duruş gətirməyi bacarıblar. 1965-ci ilin mayında Brestə qəhrəman şəhər adı verilib. 1971-ci il sentyabrın 25-də isə qəhrəman şəhərin şərəfinə abidə qoyulub. Hazırda Brest qalasının ərazisində böyük park salınıb. İnsanlar bura sevə-sevə səyahət edirlər.

Qala ərazisindəki mühafizə qurğuları səngərlər və hündür daş hasar müharibədən sonra olduğu kimi saxlanılıb. Divarlarda güllə izləri də açıq-aydın görünür. Şəhərin mühafizəsində iştirak edən əsgərlərin adları abidə qarşısında mərmərlərə həkk olunub. Burada müxtəlif millətlərdən olan hərbçilərin adlarını görmək mümkündür. Onların arasında daha çox sıravi Nuru Sadıxov və sıravi Haqverdiyev Xəlil Həmzə oğlu diqqəti cəlb edir. Turistlərə bələdçi funksiyasını yerinə yetirən yerli sakinlə söhbətdə həmin əsgərlərin azərbaycanlı olmasına şübhə yeri qalmır. Bununla yanaşı, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin qardaşı, baş çavuş Akaki Ambrosiyeviç Şevardnadze də qəhrəman hərbçilər arasındadır. Abidə ərazisində bir sıra qadağalar mövcuddur ki, hamı bunlara can-başla əməl edir.

“Tütək səsi”

Ümumilikdə 4 idmançı – Aleksandr Aleksandrov, Cavid Əfəndiyev, İqor Xmara, İskra Angelova, 2 məşqçi, 1 masajçı və Azərbaycan Milli Avarçəkmə Federasiyası rəsmilərindən ibarət ölkəmizin nümayəndə heyəti “Vesta” və “İnturist” otellərində yerləşdiriliblər. “Vesta”nın yaxınlığında gözəl görkəmə malik şəhər stadionu var. 10 mindən çox tamaşaçı tutumuna malik stadionda əsasən, yerli “Dinamo” futbol komandası ev oyunlarını keçirir. Amma “Dinamo” Belarus çempionatının güclülər dəstəsində yox, I liqasında mübarizə aparır. Sakinlərin dediyinə görə, klubun imkanlı sponsoru olsa da, istənilən oyunu sərgiləmir. “İnturist”in qarşısında isə Mərkəzi Univermaq, bir də fəvvarə var. Fəvvarənin özəlliyi isə ondadır ki, bir tərəfdə tütək çalan, digər tərəfdə isə “Yallı” gedən insanlar təsvir olunub. Onlar sanki fəvvarə sədaları altında çalıb-oynayırlar.

İki mərtəbəli univermaqda hər cür yerli və xarici mal satılır. Amma qiymətləri o qədər də ucuz deyil. Rusiyada olduğu kimi, Belarusda da yerli pul vahidi rubldur. 1 dolları 2990 rubla dəyişirlər. Başqa sözlə, 1 manata təqribən 3700 rubl almaq mümkündür. İnsanlar da rusca danışırlar. Lakin bu, o demək deyil ki, şəhərdəki obyektlərin adları rus dilində göstərilib. Bu sözlərin çoxunun mənası anlaşılandır. Amma yazılışca rus qrammatikasından fərqlənən kifayət qədər sözləri var.

İyulun 21-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) dünya birinciliyinin təntənəli açılış mərasimi olacaq. Bir tərəfdən mərasimə ciddi hazırlıq gedir, digər yandan, idmançılar səylə məşq edirlər. Onları gün ərzində hər saatın tamamında oteldən idman qurğusuna və geriyə avtobuslar aparıb-gətirir. Gənclər arasında keçirilməsinə baxmayaraq, bu yarış xüsusi əhəmiyyətə malikdir. 2011-ci ildə böyüklər arasında keçiriləcək olimpiya lisenziyalı dünya çempionatının iştirakçıları arasında Brestdəki birinciliyin qalib və mükafatçıları da olacaq. Yığmamızın heyətində isə daha çox Belarus milli komandasında çıxış etdiyi vaxt yeniyetmələr arasında ikiqat dünya çempionu adını qazanmış Aleksandr Aleksandrova ümid bəslənilir. İskra Angelova və Cavid Əfəndiyev – İqor Xmara dueti də Brestə iddialı gəliblər. Çempionat öncəsi onlar iki aydan çox müddətdə təlim-məşq toplantısı və beynəlxalq yarışlarda qüvvələrini sınayıblar. Hər şeyi isə iyulun 22-də start götürəcək dünya birinciliyi göstərəcək.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar