“İtləri heç nəyə dəyişmərəm - nə sevdiyim qıza, nə vəzifəyə, nə pula...” - REPORTAJ
20 iyul 2010 17:00 (UTC +04:00)

“İtləri heç nəyə dəyişmərəm - nə sevdiyim qıza, nə vəzifəyə, nə pula...” - REPORTAJ

Qızıl xalta, it üçün yas mərasimi, “İt Elxan” və daha nələr...

Lent.az-ın əməkdaşı İtlərin Təlim Mərkəzindən yazır

“Kurtlar Vadisi - Pusu”dakı Zaza mənim yerimə olsaydı, deyərdi ki, “ben köpekleri heç sevmiyim...” Doğrudan da itləri heç sevmirəm, lap uşaqlıqdan bu belədi. Ancaq mövzu çox maraqlı olduğundan, yazı hazırlamaq üçün itlərin saxlandığı yerə getmişdim. Məcburam o yerə “İtxana”, ya da “İtlərin Təlim Mərkəzi” yazım. Çünki müsahibim işlədiyi yerin rəsmi adını bilmirdi. Ancaq itlərlə bağlı nə desən – itin insanla cinsi əlaqəsindən tutmuş, ağlamasına qədər hamısını detallarına qədər bilir. Zarafat deyil, insan ömrünün faktiki 14 ilini itlərə həsr edib. Buna görə hətta adına da “İt Elxan” deyirlər. İt Elxan bu ada görə incimir də heç...

İt Elxan

Əvvəlcə it təlimçisi İt Elxan (Hüseynov) barədə. 33 yaşı var. İtlərə marağı uşaqlıqdan olsa da, ilk dördayaqlı heyvana 19 yaşında sahib olub. Qohumlarına bir Ovçarka verilibmiş, onlar da saxlaya bilmədiyindən Elxana bağışlayıblar. Elxan da onu saxlayır. Ona heç kəsin köməkliyi olmadan müəyyən komandalar öyrədir. Sonra tanış adamların itlərinə təlim keçir. Beləliklə, it təlimçisi olur. Özü də subaydır. Deyir, it saxlayan qız axtarıram ki, evlənim. Onun sevgililəri olub. Ancaq həmin qızlardan da məhz itlərə görə ayrılır. Çünki qızlardan biri “ya it, ya mən”, digəri “özünə başqa peşə seçsən əla olar”, başqa biri isə buna bənzər söz deyirmiş. Elxan da təbii ki, (!) itləri həmin qızlardan da, evlilikdən də üstün tutub. Çünki özünün dediyi kimi, it onun həyatının mənasıdır, bu heyvan ona çox əzizdir. Onun insan dostları olsa da, ən yaxın dostu itdir: “Prinsessa” adlı Ovçarka cinsli it. Deyir, indi 5 min manat da versələr, həmin itimi satmaram. Çünki it ən vəfalı dostudur. Məsələn, deyir əgər bir nəfər beş-altı nəfərin əhatəsinə düşsə, həmin vaxt onun yanında bir dostu da olsa, dava zamanı o adamın dostunun aradan çıxmaq ehtimalı var. Ancaq it sahibilə birgə ölənədək döyüşür.

Haşiyə: Elxanın tanıdığı bir gənc oğlanın iti varmış. İt sahibi günlərin birində avtomobil qəzasına düşərək həlak olur. Heyvan həmin vaxtdan yemək yemir, təxminən 20 gün daim gözündən yaş axıb. İki aydan sonra isə ölüb. Həmin it nə qocaymış, nə də bir xəstəliyi varmış...

“Elə adam var, it ondan ağıllıdır...”

Elxanın itlə davranmağı da maraqlıdır. Əlindəki yeməyi itə verir, sonra heyvanın başını sığallayır. Sonra isə götürüb siqaret yandırır. Soruşuram ki, “bəs əlini yumadın axı, itdə mikrob-filan yoxdu? Birdən sənə keçə bilər”. Deyir itdə mikrob var, ancaq məndə artıq immunitet yarandığından heç bir təhlükə yoxdur: “Həm də ki, bu heyvan mənə çox əzizdir...”

Soruşuram ki, körpə uşağı öyrətmək asandı, yoxsa iti? Deyir, iti. Həm də deyir ki, elə adam var, itlər onlardan ağıllıdır. Məsələn, elə insan var ki, eyni şeyi beş dəfə də desən, ona söz çatmır, ancaq itə bir dəfə demək bəs eləyir. Elxan bir it təlimi üçün aylıq 250 manat alır. Buna itə təlim keçməklə yanaşı, itin yeməyi, çimizdirilməsi, dəriyə dərman vurulması, qulaqlarının və dişlərinin təmizlənməsi (itlərin dişlərini təmizləmək üçün qabağına iri ilikli sümük atılır. Bu zaman heyvan həmin sümüyü yalnız gəmirir, yeyə bilmir. Bununla da dişləri təmizlənir) və s. daxildir: “İti adətən 8 aylığından təlim etməyə başlayırlar. Bu, 1 yaşına qədər davam edir. Mən adətən təlimi 7 aylıqdan başlayıram, 10 aylıqda bitirirəm. İt üçün 6 idarəetmə komandası var: “gəl!”, “yerinə!” “uzan!”, “otur!”, “tut!”, “olmaz”. Ancaq idarəetmədən başqa komandalar da var. Məsələn, hərbi qurumlarda əldən silah alma, itin narkotik maddə axtarması ilə bağlı komandalar öyrədilir”.

Haşiyə: İtlərə bundan başqa da müxtəlif təlimlər keçilə bilər. Məsələn, bu yaxınlarda Türkiyədə maraqlı bir hadisə olub. Avtomobildə öz itilə gedən şəxsin ürəyi qəflətən dayanır. İt eynilə insan kimi davranaraq dərhal onun sinəsini masaj edərək sahibini özünə gətirməyə çalışır. “Təcili yardım” maşını gələnə qədər it sahibinə ilk tibbi yardımı etmiş olur.

İtə pultla televiziya kanallarını dəyişməsini və bu kimi başqa hərəkətləri də öyrətmək olur. Elxan ilk itinə gözlərilə komanda qəbul etməyi öyrədibmiş. Sahibi ovçarkaya gözlərilə 10-15 metr aralıda olan şəxsi tutmağı komanda verəndə, it bunu dərhal edirmiş.

İtlərə bir dəfə peyvənd iynəsi vurulur ki, yalnız buna görə aylıq təlim pulundan başqa əlavə pul alına bilər. İynənin qiyməti 25 manatdır. Quduzluğa qarşı iynə vurulanda itin dişlədiyi adam xəstəliyə tutulmur. Məsələn, Elxanın özünü bu cür iynə vurulmuş it dişləyib, heç bir həkimə-filan müraciət etməsə də, xəstəliyə tutulmayıb. İtlər Elxanı 14 ildə təxminən 20 dəfəyədək dişləyib. Deyir, əgər it kiminsə üstünə cumsa, həmin adamın yerə oturmağı məsləhətdir. Ancaq təlim görmüş itə “tut!” əmri verilirsə, oturmağa-zada baxmayıb dişləyir. Təlim görmüş itlər adətən bir dəfə təxminən iki saniyəlik dişləyib buraxır.

İt yeməkləri

Cins it saxlayanlar onların yemək qayğısına da qalmalı olur. Onlar bundan ötrü Bakıda it yeməkləri satılan yerlərə müraciət edir. Məsələn, bahalı it yeməyinin 13 kiloqramının qiyməti 80 manatdır. Bu qədər yemək 30 kiloqramlıq itə 20 gün bəs edir. Maraq üçün deyim ki, Azərbaycanda çəkisi 105 kiloqram, boyu isə 65 santimetrə çatan Alabay cinsli it var. Bu it üçün ayda 320 manatlıq yemək alınır. Həmin it varlı biznesmenlərimizdən birinindir. Yeri gəlmişkən, Azərbaycana gətirilən ən bahalı it də Alabay cinsli it olub. Adı açıqlanmayan bir varlı şəxs həmin iti 10 min manata alıbmış. Son vaxtlar Azərbaycanda Alabay və Ovçarka ilə yanaşı, çoban itlərinə də maraq böyüyüb. Çoban itinin iki aylıq balasının qiyməti 300-350 manatdır.

Bəzi cins erkək it sahibləri öz heyvanının dişi itlə cütləşməsi müqabilində qarşı tərəfdən pul alır. Ancaq İt Elxan bunu heç bəyənmir. Deyir, əsl itbaz belə eləmir. İtbazların yazılmamış qaydalarına görə, erkək itin sahibi dişi it küçükləyən vaxt gəlib küçüklərdən istədiyini götürür.

Qızıl xalta, it üçün yas mərasimi

Nazirlərimizin, müğənnilərimizin, varlı biznesmenlərimizin çoxu it saxlayır. Özü də o heyvanlara çox diqqət yetirir, çox sevirlər. Təxminən övladdan bir pillə aşağı səviyyədə. Elə buna görə də Azərbaycanda varlıların itləri kasıb adamlardan qat-qat yaxşı yaşayır. Məsələn, elə it var ki, sahibi baxıcısına ayda 400 manat maaş verir. Hələ bir itin boynundakı qızıl xaltaya onun adını da yazdırırlar. Belə xaltaya təxminən 100 qram qızıl sərf olunur. (İtləri üçün paltar sifariş verənlər də çoxdur. Bakıda bununla məşğul olan xüsusi dərzilər fəaliyyət göstərir).

Haşiyə: Elə it sahibləri də var ki, varlı deyillər, ancaq itlərini çox sevirlər. Təxminən Elxan kimi. Belələri sevimli iti öləndə onun üçün yas da saxlayır. Dörd il bundan əvvəl rus milliyyətindən olan bir şəxs Yasamal rayonu ərazisində ölən iti üçün yas mərasimi keçirib. Mərasimə it sahibləri, itin həkimi və it sahibinin yaxınları gəlib. İt təntənəli mərasimlə Qanlı Göl yaxınlığında dəfn olunub. Başdaşı əvəzinə itin boynundakı xalta qoyulub. Sonra isə onun üçün ehsan verilib.

Elxan özü isə ilk iti ölərkən ona heç bir yas mərasimi keçirməsə də, ədəb-ərkanla gözdən kənar bir ərazidə basdırıb. İtinin xaltasını da onun qəbri üstünə qoyub. Deyir, istəmədim ondan nəsə qalsın və sonra da gözümə görünsün. İtinə görə göz yaşı axıtdığını da etiraf etdi... (Yeri gəlmişkən, itlərin ömrü 8-30 ildir).

İtlə insan arasında intim əlaqə!

Söhbətləşərkən birdən yadıma düşür, soruşuram ki, bir də istənilən it görürsən iyləyə-iyləyə gedir. Bunun səbəbi nədir? Cavabı çox maraqlı olur. Sən demə, iyləyən it özündən qabaq buradan keçən itin iyini hiss etdiyindən iyləyərək, onun “kim”liyilə maraqlanır. Çünki itlərin iybilmə qabiliyyəti göründüyündən çox güclüdür. İtlərdə başqa qabiliyyətlər də var. Məsələn, erkək itlər qadınla kişini asanlıqla ayırır. Onlar dişi həmcinslərilə yanaşı, qadınlarla da cinsi əlaqəyə girə bilir. Bunun üçün qadının itə kiçik təlim keçməsi lazımdır (Elxan bizə bunları da danışdı, ancaq yazılası deyil). Elxanın tanıdığı, Bakıda yaşayan yəhudi bir qadın məhz belə edirmiş: “Bir dəfə içkili olan vaxt həmin yəhudi qadın itlə cinsi əlaqəyə girdiyini etiraf etdi...” Özü də Elxana deyib ki, itimi beş kişiyə dəyişmərəm! Bunun maraqlı səbəbi varmış...

Elxan bizə bu məsələnin detalları barədə elə şeylər danışdı ki...

Söhbətin ən maraqlı yerlərindən biri 2006-cı ildə Bakıda baş vermiş bir hadisə barədə Elxanın dedikləri idi. Həmin vaxt itlə cinsi əlaqədə olan orta yaşlı qadın heyvanın qəfil hücumuna məruz qalmışdı. İt onun sinəsini, qarın nahiyəsini və azca aşağını dişləyib. Musa Nağıyev adına Xəstəxanada qadının təkcə cinsi orqanına 5 tikiş qoyulub.

Yəqin bu mövzuda bu qədər bəsdi...

“İtləri heç nəyə dəyişmərəm”

Elxan axırda yenə dedi ki, itləri heç nəyə dəyişmərəm, nə sevdiyim qıza, nə vəzifəyə, nə çoxlu pula. Soruşuram ki, hansısa bir nazirlikdə yaxşı bir vəzifə, xidməti maşın, yüksək maaş versələr və desələr ki, bircə şərtimiz var, itin olmayacaq, razı olarsan? Cavabı qəti olur: “Yox! Ancaq yaxşı vəzifə versələr və desələr ki, itlərlə bağlı problem olmayacaq, bu, başqa məsələ. Qazandığım pullardan sahibsiz itlər üçün ev tikərəm, onları saxlayaram, müalicə edərəm, yemək verərəm. Ən böyük arzum budur ki, kimsəsiz itlər üçün ev tikim...”

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706

Oxşar yazılar