Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etdi
17 iyul 2010 17:30 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etdi

Nazirlik əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır


Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik tərəfindən respublikamızın meşələrində, meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə “Yanğın Təhlükəsizliyi Haqqında” qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.


Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, bir çox yerlərdə meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.

Lakin bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi üzündən 16 iyul 2010-cu il tarixdə saat 15:40 radələrində Ləcət-Yalama avtomobil yolunun Yaqublu kəndinin yaxınlığında yolun sağ tərəfində kövşənə od vurulması nəticəsində yanğın hadisəsi baş verib. Şimal istiqamətindən əsən külək nəticəsində yanğın meşə fondu ərazisinə keçərək 0,04 hektar (4 sot) ərazini əhatə etmiş, lakin həmin ərazi meşə ilə örtülü olmadığına görə meşə fonduna ziyan dəyməyib.


Yanğin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin regional xidmət idarəsinin, rayon icra nümayəndəliyinin işçilərinin və əhalinin köməkliyi ilə vaxtında və operativ qaydada söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar