Diaspor mövzusundan yazan jurnalistlər mükafatlandırıldı
17 iyul 2010 16:30 (UTC +04:00)

Diaspor mövzusundan yazan jurnalistlər mükafatlandırıldı

Lent.az-ın müxbiri də mükafatçılar sırasındadır


Bu gün Mətbuat Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təşkilatçılığı ilə keçirilən “Diaspor məsələlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, bu münasibətlə “Ambassador” mehmanxanasında keçirilən tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın 135 illiyi ilə bağlı regionlarda keçirilən tədbirlərin yekunlaşdığını bildirib.


Mətbuatımızın formalaşmasında Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Cəlil Məmmədqluzadə və digərlərinin əməyindən danışan Əflatun Amaşov deyib ki, hər bir xalqın, dövlətin güclü olmasında güclü diaspor amilinin xüsusi rolu var: “Keçirilən bu müsabiqə də bu sahəyə həsr olunub”.


Diaspor İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov diaspor və lobbi quruculuğuna toxunub, bu məsələlərin mətbuatın gündəmində saxlanılmasının zəruri olduğunu vurğulayıb. Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti Mirkazım Seyidov Fondun elan etdiyi müsabiqə ilə bağlı təşkilatı işlərin Mətbuat Şurası və Dövlət Komitəsi tərəfindən yüksək səviyyədə görüldüyünü qeyd edib.


Daha sonra qaliblər mükafatlandırılıb. Müsabiqənin qalibi jurnalist Elyanura Abbasquliyeva olub. İkinci yerə Pərvanə Sultanova (“525-ci qəzet”) və Yusif Əfşar (“Şərq” qəzeti) layiq görülüb. Üçüncü yerin sahibləri Lent.az-ın müxbiri Ramiz Mikayıloğlu, “Xalq Cəbhəsi” qəzetinin müxbiri Real Cəfərli, “Paritet” qəzəetinin müxbiri Günay Əsədova olub.


Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu və “Səs” qəzetinin müxbiri Rəfiqə Kamalqızı xüsusi mükafata layiq görülüblər. 10 jurnalistlə həvəsləndirici mükafat verilib.


Tədbirdə Rusiya Jurnalistlər Birliyinin sədri tərəfindən Mətbuat Şurasının sədri Əflatın Amaşova ünvanlanan məktub oxunub və diplom verilib. Rusiya Jurnalistlər Birliyinin sədri Əflatun Amaşova “mətbuata uzanan əlləri kəsmək üçün” rəmzi qılınc da hədiyyə edib. Tədbirdə bu qılınc da Mirkazım Seyidov tərəfindən Mətbuat Şurasının sədrinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar