TQDK Türkiyə Silahlı Qüvvələrinin Ali Hərbi Məktəbinə qəbul elan edib
16 iyul 2010 19:00 (UTC +04:00)

TQDK Türkiyə Silahlı Qüvvələrinin Ali Hərbi Məktəbinə qəbul elan edib

Azərbaycan üçün 10 yer ayrılıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili İşlər Nazirliyinin müraciəti əsasında Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər üçün şərtlər aşağıdakılardır:

- TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 300 və daha yüksək bal toplayan 16-20 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar);

– yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları: 169 sm və 54 - 74 kq arası);

– sağlamlıq baxımından, həmçinin psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan “Hərbi müdavim ola bilər” qeyd olunmuş arayış alan;

– nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan;

- nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan namizədlər müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dən 26-dək TQDK-nın internet saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat başa çatdıqdan sonra 40 nəfər namizəd Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcək.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar