2010-cu ildə Azərbaycan əhalisinin sayı 50 min nəfər artıb
08 iyul 2010 11:00 (UTC +04:00)

2010-cu ildə Azərbaycan əhalisinin sayı 50 min nəfər artıb

Bu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9,047 mln. nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, əhalinin 54%-i şəhər, 46%-i isə kənd yerlərində yaşayır.

Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir, 22%-i 0-14 yaşda, 71%-i 15-64 yaşda, 7%-i isə 65 və yuxarı yaşda olanlardır, 14-29 yaşlı gənclər ölkə əhalisinin 31%-ni təşkil edir.

Hesablamalara görə, cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün isə 76,1 yaşdır.

Bu ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artıb.

Cari ilin yanvar-iyun aylarında ölkədə 32,6 min nikah və 4,2 min boşanma halları qeydə alınıb və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,3-dən 7,4-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. Eyni zamanda birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olub.

Hesabat dövründə həmçinin Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfərin gəldiyi və 0,4 min nəfərin ölkədən getdiyi qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar