Çoxmənzilli binaların sakinlərinə yeni xəbər
06 iyul 2010 14:30 (UTC +04:00)

Çoxmənzilli binaların sakinlərinə yeni xəbər

“Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası” təsdiqləndi

Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nı təsdiqləyib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, müsabiqənin təşkilatçısı çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi, idarəedici təşkilat müsabiqənin nəticələri əsasında bağlanılan çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə uyğun olaraq çoxmənzilli binanın idarə edilməsini həyata keçirən (təşkilati-hüquqi formasından asılı olmayaraq) hüquqi şəxs və ya fərdi sahibkardır.

Müsabiqənin keçirilməsinin məqsədi çoxmənzilli binanın sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi vəziyyətdə saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həllini təmin etməkdən, həmçinin belə binaların sakinlərinə kommunal xidmətləri göstərəcək idarəedici təşkilatın şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir.

Müsabiqə bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədikdə, həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərar həyata keçirilmədikdə və çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə keçirilir. Eyni zamanda bu halda çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi həmin binanın idarə edilməsi üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmış olmalıdır. Açıq müsabiqənin nəticələri əsasında bağlanılmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarəedilmə üsulu seçilmədikdə də müsabiqə təşkil olunur.

Müsabiqənin təşkilatçısı müsabiqə sənədləri toplusunun hazırlanması, müsabiqənin keçirilməsi haqqında elanın dərc edilməsi, yerləşdirilməsi və müsabiqənin təşkili ilə bağlı digər funksiyaların yerinə yetirilməsi üçün müqavilə əsasında hüquqi şəxs (bundan sonra - məsləhətçi şirkət) cəlb edə bilər. Bu zaman məsləhətçi şirkətə müsabiqə komissiyasının yaradılması, müsabiqə sənədləri toplusunun təsdiq edilməsi, müsabiqə şərtlərinin, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısının müəyyənləşdirilməsi, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin layihəsinin hazırlanması səlahiyyətləri verilə bilməz. Məsləhətçi şirkət müsabiqənin iştirakçısı da ola bilməz.

Müsabiqəyə qatılacaq iddiaçıların isə öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanını olmalı, iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəldilmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması lazımdır. İddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün mühasibat hesabatlarına əsasən aktivlərinin balans dəyərinin 25 faizindən artıq miqdarda vergi və digər icbari ödənişlərə görə borcunun olmaması və iddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün mühasibat hesabatlarına əsasən aktivlərinin balans dəyərinin 70 faizindən artıq miqdarda kreditor borcunun olmaması da gərəkdir. Fərdi sahibkar olan iddiaçının və hüquqi şəxs olan iddiaçının rəhbərinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğunun olmaması da şərtdir.

Müsabiqənin təşkilatçısı müsabiqənin keçirilməsi haqqında elanın dərc edilməsinə ən azı beş iş günü qalmış müsabiqə komissiyasının (bundan sonra - komissiya) yaradılması haqqında qərar qəbul edir, komissiyanın tərkibini, iş qaydasını müəyyən edir və onun sədrini təyin edir. Müsabiqənin təşkilatçısı bir və ya bir neçə daimi fəaliyyət göstərən komissiya yarada bilər və həmin komissiyaların fəaliyyət müddəti iki ildən çox ola bilməz. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli olmalı və tərkibinə müsabiqə təşkilatçısının vəzifəli şəxslərinin daxil olduğu ən azı beş nəfərdən ibarət olmalıdır. Komissiyanın üzvü müsabiqənin iştirakçısı, müsabiqənin iştirakçısı ilə əmək münasibətlərində olan şəxs, fərdi sahibkar olan iddiaçının (müsabiqənin iştirakçısının) yaxın qohumu, iddiaçının (müsabiqənin iştirakçısının) asanlıqla təsir göstərə biləcəyi şəxs, o cümlədən hüquqi şəxs olan iddiaçının (müsabiqənin iştirakçısının) təsisçisi (səhmdarı, payçısı və s.) və ya onun yaxın qohumu, idarəetmə orqanlarının üzvü və ya onun yaxın qohumu, iddiaçının (müsabiqənin iştirakçısının) kreditoru və borclusu, habelə barəsində açıq müsabiqənin keçirildiyi çoxmənzilli binanın sahə mülkiyyətçisi ola bilməz.


Komissiyanın iclası onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın hər bir üzvü bir səsə malikdir. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici sayılır. Komissiyanın iclaslarında çoxmənzilli binanın sahə mülkiyyətçilərinin, istehlakçıların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər. Müsabiqənin keçirilməsi gününə ən azı otuz gün qalmış müsabiqənin təşkilatçısı və ya onun tapşırığı ilə məsləhətçi şirkət müsabiqənin keçirilməsi haqqında elanı kütləvi informasiya vasitələrində dərc etdirir və müsabiqə təşkilatçısının rəsmi internet saytında yerləşdirir (əgər rəsmi internet saytı varsa). Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi təminatının məbləği bir il ərzində çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin miqdarının 5 faizindən çox olmamalıdır. Müsabiqədə iştirak haqqının miqdarı çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin bir aylıq miqdarının 1,5 faizindən çox olmamalıdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq həyata keçirilir. İçərisində müsabiqə təkliflərinin olduğu zərflər şəffaf olmayan qutuda olmalıdır. Komissiyanın sədri qutuda olan zərflərdən hər hansı birini çıxarıb, onun içərisindən müsabiqə təkliflərinin nüsxələrini komissiyanın hər bir üzvünə paylayır. Bu prosedur eyni qaydada müsabiqənin digər iştirakçıları üçün keçirilir. Müsabiqə təkliflərinin nüsxələri arasında uyğunsuzluq olduqda, həmin müsabiqə təklifi müsabiqədən kənarlaşdırılır və bu barədə müsabiqənin nəticələri haqqında müsabiqə komissiyasının protokolunda müvafiq qeydlər edilir. Müsabiqə təklifləri komissiyanın üzvləri tərəfindən qiymətləndirilir və digər təkliflərlə müqayisə edilir. Bu zaman müsabiqə iştirakçılarının təklif etdiyi iş və xidmətlərin keyfiyyətinə, dövriliyinə və həcminə dair tələblər, o cümlədən müsabiqə iştirakçılarının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması meyarları nəzərə alınır. Tələblərə (meyarlara) cavab verən ən sərfəli təklif təqdim edən müsabiqə iştirakçısı müsabiqənin qalibi elan edilir.

Müsabiqənin qalibi elan edildikdən on gün müddətində müsabiqənin təşkilatçısı çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Qaydaya uyğun olaraq keçirilmiş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Müsabiqənin qalibi qalib elan edildikdən sonra on gün müddətində imzalanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsini, həmçinin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi təminatını müsabiqənin təşkilatçısına təqdim etməlidir. Müsabiqənin keçirilməsi qaydalarının pozulması və ya tərəflərdən birinin müqavilənin bağlanılmasından imtina etməsi, habelə müsabiqə qalibinin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə təminatı təqdim etməməsinin nəticələri müvafiq qanunvericiliklə tənzimlənir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar