İstirahətə yollayış üçün 12 819 000  manat
06 iyul 2010 13:01 (UTC +04:00)

İstirahətə yollayış üçün 12 819 000 manat

Azərbaycanda işçilərin sanatoriyalarda dincəlməsi üçün pulu DSMF, göndərişləri Həmkarlar İttifaqları Konfederasiyası verir, xidməti isə Səhiyyə Nazirliyi göstərir

2010-cu ilin büdcəsində sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə ümumilikdə 12 milyon 819 min manat ayrılıb. Həmin vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulur.


Lent.az-ın məlumatına görə, vəsaitlərin 10 milyon 280 min manatı sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına, 124 min manatı sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə, 107 min manatı sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına yönəldilməlidir.


Xatırladaq ki, son bir neçə ildə dövlət büdcəsində sanatoriya-kurort xidmətləri xərcləri əhəmiyyətli şəkildə artırılır. Məsələn, 2007-ci il büdcəsində Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə maliyyələşdirilən putyovka göndərişləri üçün xərclər əvvəlki ildəkindən 13 faiz çox olub. Həmin il sanatoriya-kurort müəssisələrinə göndəriş xərcləri 9,3 milyon manat təşkil edib. Sonrakı 3 ildə isə bu rəqəm 2007-ci illə müqayisədə 27 faiz artıb.


Azərbaycanda sanatoriya-kurort müəssisələri 1993-cü ildən Səhiyyə Nazirliyinin tabeliyindədir. Müəssisə və təşkilatlarda çalışan işçilərin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə sanatoriya-kurort komplekslərində istirahətə göndərilməsi qaydaları isə Nazirlər Kabinetinin 4 iyun 2009-cu il tarixli 267 saylı qərarı ilə müəyyən olunur. Həmin qərarın 1 saylı əlavəsinə əsasən, sanatoriya-kurort müalicəsi üçün nəzərdə tutulan vəsait hər il Dövlət Sosial Müdafiə Fondu tərəfindən Səhiyyə Nazirliyinin xüsusi hesabına köçürülür və göndərişlərin alınmasına sərf olunur. Alınan göndərişləri Səhiyyə Nazirliyinin orqanları sanatoriya-kurort müalicəsində ehtiyacı olan vətəndaşlara çatdırır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar