40 mindən çox işçi pulsuz istirahətə gedəcək
05 iyul 2010 14:00 (UTC +04:00)

40 mindən çox işçi pulsuz istirahətə gedəcək

Yollayışların 20 mini Həmkarlar, 20 mini isə Sahibkarlar İttifaqları Konfederasiyasının payına düşür


Bu il Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə 20 mindən artıq şəxs sanatoriyalara gedəcək. Bu yollayışlar işçilərə həm ailəvi istirahətə getmək, həm müalicəvi, həm də turizm məqsədilə verilir.


Lent.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, hazırda Bilgəhdə ürək, Günəşlidə əsəb, Mərdəkanda mədə-bağırsaq, böyrək, Abşeronda mədə-bağırsaq üzrə, Naftalanda hərəkət orqanları üzrə müalicəvi sanatoriyalar, eyni zamanda “Şəfa” müalicə pansionatı var. Bundan başqa, Nabranda konfederasiyanın tabeliyində olan “Dostluq”, “Xəzər” turizm istirahət mərkəzləri var.


Səttar Mehbalıyev bildirib ki, konfederasiyanın xətti ilə kurort-sanatoriya müalicə müəssisələrinə yollayışın dəyərinin 15 faizi işçilər, yerdə qalan 85 faizini isə işəgötürən ödəyir. Onun sözlərinə görə, Sahibkarlar İttifaqları Konfederasiyası da təxminən 20 min yollayışı öz büdcəsi hesabına alır və işçilərini istirahətə göndərir. Həmin yollayışlar əsasən, Masallıda “İstisu” sanatoriyasına, Naftalana və digər istirahət zonalarına gedən işçilərə verilir.


“Həmçinin, sahə nazirlikləri və həmkarlar ittifaqları arasında müqavilələr var. Bir çox sahə nazirləri həmkarlar təşkilatlarına vəsait ödəyir və həmin vəsaitlər hesabına yollayışlar alır. Bu yollayışlar isə istirahətə getmək üçün nazirliklərin işçiləri verilir” - deyə, Səttar Mehbalıyev bildirib.


Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri onu da qeyd edib ki, bu il 6 uşaq istirahət düşərgəsi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu düşərgələrdə 4 mindən çox uşaq istirahət edəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar