Magistraturaya qəbul imtahanlarının nəticələri bəllidir
22 iyun 2010 15:30 (UTC +04:00)

Magistraturaya qəbul imtahanlarının nəticələri bəllidir

5238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb. Artıq nəticələr artıq TQDK-nın internet səhifəsində yerləşdirilib.


Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir. Onun sözlərinə görə, nəticələrə əsasən, 5238 bakalavr ixtisaslaşma seçimində və müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 1578 nəfəri dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçimində və müsabiqədə iştirak edə biləcəklər.


Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılıblar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.


Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 22-dən 25-dək istədiyi ardıcıllıqla internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil almaq istədiyini qeyd edib ixtisaslaşma seçimini təsdiqləməlidir.


İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bu il qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir. Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslardır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar