Misir Mərdanov: “Universitetlərin sayını artırmaq olmaz”
22 iyun 2010 15:00 (UTC +04:00)

Misir Mərdanov: “Universitetlərin sayını artırmaq olmaz”

Təhsil naziri Azərbaycanda əhalinin ali təhsillə əhatə əmsalının 17 faiz olmasını normal göstərici sayır


“Azərbaycanda əhalinin 1000 nəfərinə düşən ali təhsillilərin sayı normaldır. Biz belə hesab edirik ki, ali təhsillilərin sayını artırmaq olmaz”.


Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Nazir Dünya Bankının Azərbaycanda ali təhsilin əhatə dairəsinin Gürcüstan və Ermənistandan, inkişaf etmiş ölkələrdən geri qalması barədə yaydığı hesabatın həqiqətə uyğun olduğunu deyib.


Xatırladaq ki, həmin hesabatda Azərbaycanda əhalinin ali təhsillə əhatə əmsalının 17 faiz olduğu deyilir. Misir Mərdanov deyib ki, bu göstərici Azərbaycan üçün normal rəqəmdir: “Azərbaycanın yarısı qədər olan Gürcüstanda 200-dək ali məktəb var. Bu, nəyə lazımdır? Təxminən 10 il əvvəl Azərbaycanda da universitetlərin sayı çox idi, az qala hər küçədə bir ali məktəb vardı. Amma onların ümumi səviyyəsi və təhsil vermə imkanları bir universitetin gücü qədər deyildi. Məncə, Gürcüstandakı və başqa ölkələrdəki universitetlərin sayının çoxluğundan nəticə çıxarıb ali təhsil alanların sayını kütləvi şəkildə artırmaq düzgün olmaz”.


Bununla belə, Misir Mərdanov əlavə edib ki, gələcəkdə ali məktəblərin sayının və ali təhsillilərin əhatə dairəsi genişləndirilə bilər. Bu isə yalnız ali məktəblərin maddi-texniki bazası gücləndikdən sonra mümkündür. Nazirin fikrincə, universitetlərin maddi-texniki bazası, kadr potensialı, kitabxana bazası və digər texniki təchizatı möhkəmləndirildikdən sonra ölkə üzrə ali təhsil məktəblərinə plan yerlərini artırmaq olar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar