Həbsxanada sərgi: rəis məhkuma tennisdə uduzdu
12 iyun 2010 13:30 (UTC +04:00)

Həbsxanada sərgi: rəis məhkuma tennisdə uduzdu

Bu gün Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində (CM) məhkumların əl işlərindən ibarət sərgi təşkil olunub. Lent.az-ın müxbiri xəbər verir ki, sərgidə cürbəcür stol-stullar, şkaflar, nərdtaxtalar, qəlyanlar, təsbehlər, şamdanlar, qələmlər, əsalar, rəsm əsərləri və cürbəcür aksessuarlar nümayiş etdirilib.

Sərgidə 15, 6 saylı və digər CM-lərdə cəza çəkən məhbusların əl işləri sərgilənib.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə bildirib ki, bu, Azərbaycan tarixində məhbusların əl işlərindən ibarət ilk sərgidir. Onun sözlərinə görə, sərgi 15 iyun – Qurtuluş Gününə həsr olunub: “Eyni zamanda, istədik ki, məhkumların əl işlərini nümayiş etdirək. Bu əl işlərinə baxanda görünür ki, məhbuslar arasında da yüksək qabiliyyətə malik ustalar var. Məsələn, indicə burada bir gəmini düzəldən şəxsdən soruşdum ki, cəza çəkənə qədər dülgər olmusunuz? Deyir ki, xeyr, heç vaxt taxta işiylə məşğul olmamışam, yalnız bura gələndən sonra bu işi görmüşəm. Yəqin ki, gələcəkdə bu cür sərgilər genişləndirilərək paytaxt və ölkə səviyyəsində keçiriləcək”.

H.Əlixanov sərgiyə çıxarılacaq əl işlərinin satışının təşkil olunacağını da bildirib.

Daha sonra qonaqlar 15 saylı CM-in idman zalı, kompüter otağı, ibadət etmək üçün ayrılan yerlərə baxış keçirib. İdman zalına baxış keçirərkən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məhkumlardan biriylə tennis oynayıb. Nəticədə R.Abbasov məhkuma 4:0 hesabıyla uduzub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar