Səfurə Əlizadə ali məktəbə imtahansız qəbul oluna bilməz
11 iyun 2010 17:30 (UTC +04:00)

Səfurə Əlizadə ali məktəbə imtahansız qəbul oluna bilməz

TQDK sədri “Eurovision” müsabiqəsindəki təmsilçimizin imtahansız ali məktəbə qəbul edildiyi barədə məlumatları təkzib etdi

““Eurovision” müsabiqəsinin iştirakçısı Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar qəbul olunmaq hüququ yoxdur. Çünki o, həmin müsabiqədə qalib olmayıb, 5-ci yerini tutub. Amma qaydalara görə, beynəlxalq olimpiada və müsabiqələrdə yalnız I, II və III yerlərin qalibləri ali məktəblərə imtahansız qəbul oluna bilər. Ona görə də Səfurə Əlizadə ali təhsil almaq istəyirsə, hamı kimi adi qaydada imtahan verməlidir”.


Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Eurovision” müsabiqəsində 5-ci yerini tutmuş Səfurə Əlizadənin imtahan vermədən ali məktəbə qəbul edilməsi barədə yayılan söz-söhbətlərə münasibət bildirərkən belə deyib. O qeyd edib ki, Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar qəbul olması barədə TQDK-ya qərar daxil olmayıb.


Məleykə Abbaszadə deyib ki, “Eurovision” təmsilçimiz ali məktəbə sənəd qəbulunda iştirak edib: “Amma o öz ərizəsini təsdiqləməmişdi. Digər tərəfdən, o, imtahanda iştirak edirsə, təkcə ərizəsini təsdiqləməməlidir, həm də qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçməlidir. O, sənəd qəbulu zamanı Bakıda olmadığı üçün bizə müraciət etdi ki, sənədlərini təsdiqləməyə şərait yaradaq. Biz də üzrlü səbəblərə görə, sənəd qəbulunda iştirak etmədiyini nəzərə alaraq, müraciətinə müsbət cavab verdik. Bizim ona güzəştimiz yalnız bu ola bilər”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar