Koreya səfiri Təhsil Nazirliyində olub
10 iyun 2010 18:00 (UTC +04:00)

Koreya səfiri Təhsil Nazirliyində olub

Cənubi Koreyanın Bakıdakı səfiri Li Ci Ha bu gün Təhsil Nazirliyində nazir Misir Mərdanovla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycan və cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə əməkdaşlığın istiqamətlərindən söz açıb. O, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığını söyləyən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 22, ümumilikdə isə 70-dən artıq azərbaycanlının Cənubi Koreya universitetlərində təhsil aldığını söyləyib. Həmçinin dövlət xətti ilə Koreya təqaüdləri hesabına 8 azərbaycanlı bu ölkədə oxuyur.

Misir Mərdanov peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb və bu istiqamətdə müvafiq əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulayıb. Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birgə görülən işlərdən söz açan nazir bu işin yaxın vaxtlarda reallaşacağına inamını ifadə edib.

Səfir Li Ci Ha isə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını, təhsil sahəsinin isə bu əlaqələrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Azərbaycanı Koreyaya yaxın bir ölkə kimi dəyərləndirərək müxtəlif layihələr çərçivəsində yaradılmış əlaqələrdən və təhsil sahəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən danışıb. Daha sonra səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin və tələbə mübadiləsinin mühüm rolunu nəzərə çatdırıb.

Görüşdə təhsildə “Elektron hökumət” layihəsinin və İKT-nin tətbiqi üzrə Koreya təcrübəsinin öyrənilməsi, təhsil sahəsi üzrə əməkdaşlığa dair konkret təkliflər hazırlanması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar