Ayıdan insanlara xəbərdarlıq: “Mən sizi yeyəcəyəm”
16 iyun 2010 11:30 (UTC +04:00)

Ayıdan insanlara xəbərdarlıq: “Mən sizi yeyəcəyəm”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qəfəsdən çıxmış ayının insanlara “müraciəti”ni yaydı


Ekologiya və təbii sərvətlər Nazirliyinin internet saytında maraqlı bir məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, iyunun 2-də Ramil Məhərrəmov adlı şəxs nazirliyinin elektron poçtuna yazdığı şikayət məktubunda Quba-Xınalıq yolunun kənarındakı restoranlardan birində qəfəsdə saxlanılan ayının dərhal azad olunmasını xahiş edib.


Lent.az nazirliyin saytına istinadən bildirir ki, şikayətçi tədbir görülməyəcəyi halda beynəlxalq kampaniyaya başlayacağı barədə xəbərdarlıq da edib. Nazirlik isə məsələ ilə bağlı həmin ayının fikirlərini ictimaiyyətə belə təqdim edir. (http://eco.gov.az/news.php?id=4212)


“Mən hələ balaca ikən bir brakonyer mənim anamı öldürüb, məni də Quba-Xınalıq yolunun kənarındakı kafe sahibinə 50 manata satdı. O kafedə məni dar qəfəsdə tör-töküntü ilə böyütdü. Mənim 1 yaşım olmamış qəfəsim yerləşən kafenin yanından bir dəstə qalstuklu adam dağlara doğru gedirdi. Onların arasındakı bir qalstuksuz kişi əsəbi şəkildə yanındakı qalstuklu kişilərə nə isə dedi və məni göstərdi. Onlar gedən kimi bir neçə hirsli kişi mənim əsir olduğum kafeyə yaxınlaşdı və kafenin rəhbərini cərimələdi, məni isə 2009-cu ilin dekabr ayında dar qəfəsdən Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına köçürdülər. İndi mənim qəfəsim də xeyli böyükdür, yeməyim də babatdır (düzdür, daha yaxşı ola bilərdi) və burada mənə tez-tez Akademiyadan, digər təşkilatlardan baş çəkənlər də olur. Məni hətta tibbi müayinədən də keçiriblər. Klinikadakıların danışıqlarından belə başa düşürəm ki, bu yaxınlarda məni Böyük Qafqaz dağlarının ucqar ərazilərində, yaxınlıqda yaşayış məntəqəsi olmayan yerdə azadlığa buraxacaqlar”.


Artıq azadlıqda olan ayı onun haqqında Ekologiya və Təbii sərvətlər Nazirliyinə müraciət etmiş şəxsin də adını çəkməyi unutmur. “Ramil Məhərrəmovdan xahiş edirəm bunu nəzərə alsın. Nəzərə almasa, mən Ramil müəllimə qarşı beynəlxalq kompaniyaya başlayacağam. Amma əmin deyiləm ki, bu kampaniya dadıma çatsın. Eşitdiyimə görə, belə kampaniyalar təbiətin, mənim kimilərin maraqlarını düşünmür, onların başqa səbəbləri var. Bu belə olmasa idi, məsələ ilə bağlı internet şəbəkəsi vasitəsilə beynəlxalq kampaniyaya başlamaq hədəsindənsə (?!), vaxtında (yəni elə payızda!) aidiyyəti qurumları məlumatlandırardı. Amma hər halda qoy Ramil müəllim mənim bu günümü də az-çox nəzərə alsın. Yoxsa günlərin bir günü mən onu dağlarda tutub yeyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar