Subasma zonasında buraxılış imtahanları təxirə salındı
19 may 2010 12:45 (UTC +04:00)

Subasma zonasında buraxılış imtahanları təxirə salındı

Sabirabad, Hacıqabul, Şirvan rayonlarında, habelə İmişli və Salyanın bir neçə kəndindəki məktəblər yay tətilinə vaxtından iki həftə əvvəl çıxacaq

“Fəlakət zonasında vəziyyətimiz çox çətindir. Yəqin ki, biz bu gün qərar qəbul edəcəyik ki, məktəblərin fəaliyyəti dayandırılsın. Bunun üçün yəqin ki, subasma bölgəsində rayonlarla əlaqə saxlayacağıq. Biz Sabirabadda, Hacıqabulda, Şirvanda, İmişlinin bir neçə kəndində, Salyanın bir neçə kəndində məktəblərin fəaliyyətini vaxtından iki həftə əvvəl dayandıracağıq”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir qeyd edib ki, həmin rayonlardan məcburi şəkildə ev-eşiyindən çıxmış insanların bir çoxu bu zonadakı məktəblərdə yerləşdirilir: “Başqa yolumuz yoxdur. Müvəqqəti də olsa, biz bunu yay dövründə etməliyik və sentyabrın 15-dək onlar öz evlərinə köçdükdən sonra məktəblər yenidən fəaliyyət göstərəcək”.

Subasma zonasındakı məktəblərdə buraxılış imtahanlarının keçirilib-keçirilməyəcəyinə gəlincə, Misir Mərdanov bu məsələdə də ciddi problemlərin olduğunu deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi bölgənin məktəblərində imtahanların keçirilib-keçirilməyəcəyinə dair qərar qəbul etməkdə çətinlik çəkir: “Biz iyunun 11-də həmin bölgədə imtahan keçirmək istəyirdik. Amma hələlik bu qərarı dəyişdik və yeni qərarımızı yaxın vaxtlarda elan edəcəyik”.

Təhsil naziri subasma zonasında ziyan çəkmiş məktəblərin və uşaq bağçaların sayının hələ müəyyənləşmədiyini deyib. Onun sözlərinə görə, fəlakət bölgəsində vəziyyət qeyri-sabit olduğundan subasmadan ziyan çəkən təhsil müəssisələrinin sayı hər gün dəyişir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar