Azay Quliyev: “Əhalinin təhlükəli zonadan çıxarılması işi yekunlaşmaq üzrədir”
11 may 2010 11:45 (UTC +04:00)

Azay Quliyev: “Əhalinin təhlükəli zonadan çıxarılması işi yekunlaşmaq üzrədir”

Millət vəkili yaxın günlərdə növbəti dəfə fəlakət zonasına baş çəkəcək

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Şirvanda fəlakət zonasına baş çəkib.

Azay Quliyev Lent.az-a açıqlamasında deyib ki, Şirvan şəhərinə gedib, o cümlədən Kür çayının daşqınına məruz qalmış Bayramlı qəsəbəsində olub.

Millət vəkili bildirib ki, Kür çayının məcrasından çıxaraq bir neçə bənd dağıtması nəticəsində Bayramlı qəsəbəsi ilə Şirvan şəhərini əlaqələndirən magistral yol da bağlanıb: “Biz dəmir yolu üzərindən və piyadalar üçün nəzərdə tutulmuş keçiddən istifadə etməklə qəsəbəyə gedə bildik. Dövlətin bütün aidiyyatı qurumları operativ qərargah vasitəsi ilə həmin bölgəyə nəzarət edirlər və əllərindən gələni edirlər ki, bu fəlakətin qarşısı alınsın, genişlənməsin və insan tələfatına yol verilməsin”.

Azay Quliyev bəndlərin möhkəmləndirilməsi və dağılmış bəndlərin bərpası istiqamətində iş aparıldığını, insanlar təhlükəli zonalardan çıxarıldığını qeyd edib: “Təəssüflər olsun ki, dünən axşam mən gələndən sonra Sabirabad istiqamətində Kür çayının daha iki bəndin uçması haqqında məlumat daxil oldu. Bu da həmin ərazidəki kəndlər üçün təhlükə yaratdı. Azərbaycan Respublikası prezidenti də hazırda bölgəyə səfər edib və əhalinin təhlükəli zonadan çıxarılması işi demək olar ki, yekunlaşmaq üzrədir”.

Millət vəkili Şirvan şəhərində çadır şəhərciklərinin qurulduğunu söyləyib: “3 minə yaxın insan həmin çadır şəhərciklərində yerləşdirilib və əhaliyə bütün səviyyədə dəstək verilir, ərzaqla təmin olunublar. Onu da qeyd edim ki, cənab prezident mayın 7-də keçirdiyi müşavirədə zərərçəkənlərin hamısına yüksək səviyyədə kompensasiya ödəniləcəyini bildirib. Bu məsələ də ən qısa zamanda həyata keçiriləcək”.

Şura sədri su basma təhlükəsi altında qalmış kəndlərdən köçürülmüş əhalinin mal-mülkünün toxunulmazlığının təmin edilməsi və sağlamlıqlarının qorunması istiqamətində də müvafiq qurumlar tərəfindən lazımı addımların atıldığını bildirdi: “Ən vacib odur ki, bu işə əhali də dəstək versin və həmrəylik nümayiş etdirilsin. Bu bölgənin insanlarının bir-birinə yardım etməsinə bu gün daha çox ehtiyac var. Bu, təbii fəlakətdir və bu faciənin öhdəsindən hamımız birgə gəlməliyik”.

Azay Quliyev bölgədə olarkən təkliflə də çıxış edib: “Ehtiyac olarsa, şəxsən biz Şirvan şəhərində könüllülərdən ibarət dəstələrin yaradılmasını və əhali ilə iş aparılmasını təmin edə bilərik. Bu gün vətəndaşlarımızın bəziləri stres keçiriblər, bəziləri qorxu içindədirlər. Onlara müəyyən mənada psixoloji yardımın göstərilməsi, maarifləndirmə işinin aparılmasının təşkili istiqamətində Milli QHT Forumu və digər QHT-lər mühüm rol oynaya bilər. Arzu edərdik ki, təbii fəlakətin miqyası böyüməsin, Kür çayı öz məcrasına qayıtsın”.

Bu gün Milli Məclisin iclasına qatılan Azay Quliyev yaxın günlərdə yenidən bölgəyə səfər edəcəyini nəzərə çatdırıb: “Əsas narahatlıqlardan biri də budur ki, Şirvan şəhərinə ətraf rayonlardan, kəndlərdən axın çoxalmaqdadır. O insanlar Şirvan şəhərində sığınacaq tapıblar, şəhərdə qurulan çadırlarda yerləşdiriliblər. İnanıram ki, yerli camaat da bütün imkanlarını səfərbər edərək onlara köməklik göstərəcək, dəstək olacaq”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar