Elmi layihələr qrant şəklində maliyyələşdiriləcək
01 may 2010 11:00 (UTC +04:00)

Elmi layihələr qrant şəklində maliyyələşdiriləcək

Elçin Babayev: “Mayın sonunda ilk qrant müsabiqəsini keçirəcəyik”

Elmi layihələr qrant şəklində maliyyələşdiriləcək. Prezident yanında Elmin İnkişafı Fondu mayın sonunda ilk qrant müsabiqəsini keçirəcək. Bu barədə “İctimai televiziya”ya Fondun icraçı direktoru Elçin Babayev məlumat verib.

E.Babayev bildirib ki, Fondunun təşkilatlanma prosesi başa çatıb: “Biz, əvvəl planlaşdırdığımız kimi, may ayında müsabiqəni elan etməyi nəzərdə tuturuq. Təbii ki, istərdik proses daha sürətlə getsin və bizim elanımızı gözləyən alimlərimiz tez bir zamanda bu qrant müsabiqələrində iştirak etsinlər, nəticələr daha tezliklə məlum olsun.
Müsabiqəyə müxtəlif sahələrə aid elmi-tədqiqat işləri qəbul ediləcək. Sosial, iqtisadi, humanitar və ictimai elmlər sahəsində yeniliklərə yol açan layihələr üstünlük qazanacaq”.

Fond rəhbərinin sözlərinə görə, elmin bütün sahələri prioritet sayılır, amma onların arasında daha çox maraq doğuran sahələr humanitar, ictimai elmlər və qeyri-maddi, mənəvi irsin dərindən, elmi əsaslarla tədqiqidir: “Yəni burda aşıq sənəti, folklor və s. bunların hamısının köklü şəkildə tədqiqi üçün hətta biz xüsusi qrantlar ayrılmasını nəzərdə tuturuq”.

E.Babayev prioritetlərin hər il dəyişə biləcəyini də deyib: “Məsələn, hər il böyük qrantlar konkret elm sahəsinin inkişafına yönəldilə bilər. Orta və kiçik qrantlar isə elmin bütün sahələrinə şamil ediləcək. Lakin istənilən halda fond istehsalatda əksini tapa bilən, iqtisadi cəhətdən səmərəli layihələri xüsusilə fərqləndirəcək. Çox marağındayıq ki, yerinə yetirilmiş qrant işləri birbaşa istehsalatda, iqtisadiyyatda öz tətbiqini tapsın. Bizim üçün deyərdim ki, bu, ən böyük prioritetlərdən biridir. İndi daha çox sürətlə inkişaf edən nanotexnologiyalar məsələsidir və yaxud günəş enerjisindən istifadə məsələsilə bağlı hansısa fiziki tədqiqatlar varsa, bunun özü həm də ekologiya ilə bağlıdır”.

Fondun icraçı direktoru bildirib ki, təqdim olunan layihələr Ekspertlər Şurası tərəfindən qiymətləndirilərək, qrant ayrılacaq. Bu il belə layihələrin maliyyələşməsinə 6 milyon manatdan artıq vəsait xərclənəcək. Ümumilikdə isə il ərzində maliyyə tutumundan asılı olaraq, 50 -300 arası layihəyə qrant ayrıla bilər. Müsabiqədə elmi dərəcəsindən və yaşından asılı olmayaraq, hər kəs iştirak edə bilər. Hətta yeni maraq doğuran ixtiraları olan sadə vətəndaşlar da.

Elmin İnkişafı Fondu ildə iki dəfə müsabiqə elan edəcək. Maydan sonra növbəti qrant çağırışı noyabrda olacaq. Fondda deyirlər ki, bütün bu tədbirlər elmi yaradıcılıq üçün stimuldur. Məqsəd isə Azərbaycan elmini inkişaf etdirmək və dünya elminə inteqrasiyasına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar