Kül dumanının yaxın 2-3 günə Azərbaycana təsiri gözlənilmir
19 aprel 2010 11:00 (UTC +04:00)

Kül dumanının yaxın 2-3 günə Azərbaycana təsiri gözlənilmir

İslandiyada baş verən vulkanın doğurduğu kül dumanının yaxın 2-3 gün ərzində Azərbaycan ərazisinə təsiri gözlənilmir.


Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva bildirib. U.Tağıyeva deyib ki, kül dumanının təsiri ilə bağlı aparılan təhlillər göstərib ki, hazırda Türkiyə ərazisində hava kütlələrinin cənub-qərb axını müşahidə olunur. Hava kütlələrinin belə axını Azərbaycan üçün əlverişli hesab oluna bilər: “Əgər Türkiyədəki hava axınları şərq istiqamətində hərəkət etsəydi, Azərbaycan ərazisi də təsirə məruz qala bilərdi. Amma cənub-qərb axını prosesi yaxın günlər üçün Azərbaycandan uzaqlaşdırıb. Şimal enliklərində də kül dumanı Rusiya ərazisinə yaxınlaşıb. Lakin bu axın da Azərbaycandan şimalda keçir. Digər tərəfdən hazırda kül dumanı atmosferin yuxarı - 6 km-lik qatlarında müşahidə olunmaqdadır. Ona görə də hətta proses Rusiya və Türkiyə ərazisindən Azərbaycana yönəlsə belə, əhali bunu birbaşa hiss etməyəcək. Bu, uzaqbaşı təyyarə uçuşlarına mane ola bilər. Hər halda prosesin davamı hava kütlələrinin hansı istiqamətdə axınından asılı olacaq”.



U. Tağıyeva hər gün təhlillərin aparıldığını, prosesin Azərbaycana yaxınlaşacağı təqdirdə, əhalinin və əlaqədar təşkilatların məlumatlandırılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar