Dövlət Fondu maliyyə hesabatını açıqladı
10 fevral 2010 12:00 (UTC +04:00)

Dövlət Fondu maliyyə hesabatını açıqladı

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu pulların hamısını qəpiyinə qədər xərcləyib

2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu dövlət büdcəsindən ona ayrılmış 1 milyon 304 min 160 manatı qəpiyinə qədər xərcləyib. Həmin vəsaitlərin 14 min 645 manatı fondun ştatda olan, 15 min manatı ştatdan kənar işçilərinin əməkhaqqısının ödənməsinə sərf olunub.

Lent.az-ın məlumatına görə, bu barədə fond rəhbərliyi 2009-cu il üçün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildiriblər. Fondun sədri Vüqar Səfərli deyib ki, ötən il ərzində Milli Mətbuat Günü münasibətilə 39 redaksiyaya 39 min manat həcmində birdəfəlik maliyyə yardımı ayrılıb. Fond ötən il ümumilikdə 63 layihənin maliyyələşməsinə 676 min 873 manat vəsait xərcləyib. Jurnalistlərin fərdi jurnalist müsabiqəsinin qalibi olmuş 33 jurnalistə isə 33 min manat məbləğində maliyyə yardımı verilib.

Vüqar Səfərli qeyd edib ki, 2009-cu ildə rəhbərlik etdiyi quruma dövlət büdcəsindən 1 milyon 304 min 160 manat pul ayrılıb. Bu məbləğdən 204 min 160 manatı fondun saxlanma xərclərinə sərf olunub. Onun sözlərinə görə, fondun builki büdcəsində əvvəlki ildəkindən fərqli heç bir dəyişiklik yoxdur. Belə ki, bu il üçün fonda 2 milyon manat pul ayrılıb. Amma indiyədək dövlət tərəfindən maliyyələşən bir sıra KİV-lərin maliyyələşməsi də fonda həvalə edildiyindən, bu məbləğin 700 min manatı bu məqsədlə istifadə olunacaq. Bu isə o deməkdir ki, KİV-in İnkişafına Dövlət Dəstəyinin hesabına olan vəsait yenə də 1 milyon 300 min manat təşkil edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar