İnsan alveri qurbanlarına hüquqi yardımın keyfiyyətinin artırılması üçün layihə keçirilir
30 yanvar 2010 12:30 (UTC +04:00)

İnsan alveri qurbanlarına hüquqi yardımın keyfiyyətinin artırılması üçün layihə keçirilir

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarına/istismar olunan şəxslərə hüquqi yardım” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqədar olaraq bir sıra ekspertlər Azərbaycanda olublar. Bu barədə Lent.az-a İB-nin mətbuat xidmətindən məlumat verilib. Qonaqlar arasında ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və Varşava ofisinin ekspertləri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mütəxəssisləri və Moldova Ali Məhkəməsinin sədr müavini də olub. Onlar Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 80 nəfər hakimliyə namizəd üçün Ədliyyə Akademiyasında təşkil etdiyi təlimlərdə “İnsan Alveri qurbanlarının hüquqları” mövzusunda çıxış edib və insan alverinə qarşı mübarizə sahəsində ATƏT-ə üzv dövlətlərin, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi barədə məlumat verib və müzakirələr aparılıb.

Xarici ekspertlərin çıxışlarından öncə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfovun, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mail Bayramovun Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti və məhkəmə təcrübəsi haqqında məlumatları dinlənilib və müzakirə edilib.
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi həmin mütəxəssislərin iştirakı ilə “İnsan alverinin qurbanlarına hüquqi yardım” mövzusunda vəkillər, Azərbaycanın müxtəlif regionlarından olan QHT təmsilçiləri, insan alveri qurbanlarını məhkəmələrdə nümayəndə kimi təmsil edən hüquqşünaslar üçün seminar təşkil edib.

Tədbirlərin keçirilməsində əsas məqsəd qurbanlara hüquqi yardımın keyfiyyətini artırmaq üçün Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mövcud olan bəzi problemlərin, xüsusilə qurbanların ibtidai istintaq zamanı nümayəndə və ya vəkillə təmin olunmaları, bəzi hallarda isə vəkil və nümayəndələrin qeyri professional olmaları, hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmək niyyətində olmayanlara qurban statusunun verilməməyi, ibtidai istintaq dövründə cinayətkarın əmlakı üzərində həbs qoyulması və insan alverçisinin əmlak vəziyyətinin qiymətləndirilməsi və kompensasiya tələblərinin icrası sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına yardım etmək olub.
Keçirilən tədbirlərdə eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Qonaqlar həmçinin “Təmiz Dünya”, “Azərbaycan Uşaqlar Birliyi”, “Qadın Kriziz Mərkəzi” ictimai birliklərinə baş çəkib və onların fəaliyyətləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar