Nizami Cəfərov: “Müxtəlif cür əylənmək olar”
27 yanvar 2010 17:15 (UTC +04:00)

Nizami Cəfərov: “Müxtəlif cür əylənmək olar”

“Burada nə qadağan etməkdən, nə də bu işi başlı-başına buraxmaqdan söhbət gedə bilər ”


Akademik Ramiz Mehdiyevin geniş müzakirə olunan məqaləsinin dərc olunması, bəzi televiziyaların özündə müəyyən müzakirələrin getməsi, Mədəniyyət və Turizm Nazirliyinin televiziya rəhbərliyi ilə görüşlər keçirməsi, mətbuatda görkəmli sənətkarların çıxış etməsi ötən dövr ərzində şou-biznes sahəsindəki vəziyyətə müəyyən müsbət təsir göstərib.

Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov söyləyib.

Nizami Cəfərov bildirib ki, şou-biznes sahəsində 5 il əvvəlki vəziyyətlə indiki vəziyyət müqayisə edilsə, xeyli irəliləyiş var. Məsələn, ATV telekanalı görkəmli ziyalılardan ibarət Şura tipli bir struktur yaradıb və Şurada müəyyən verilişlər müzakirə edilib: “Bunun da istər-istəməz təsirləri oldu.

Mədəniyyət komitəsinin sədri qeyd edib ki, heç vaxt şou sənətinin, şou texnologiyalarının, şou-biznes hərəkatının dərhal qarşısını almaq fikrində olmayıblar: “Söhbət ondan gedir ki, şou-biznesə maarifçilik ünsürləri gəlməli, maarifçilik xüsusiyyəti daşımalıdır. Şou-biznes peşəkar olmalıdır. Əyləncənin özünün də səviyyəsi var, müxtəlif cür əylənmək olar. Bir var ki, lazımi intellektual səviyyə olsun, emosiyaların, hissələrin özü müəyyən normativlərə uyğun olsun, milli-mənəvi dəyərlər gözlənilsin. Dünyada da şou-biznesin özünəməxsus xüsusiyyətləri var. Amma bununla yanaşı, bu özünəməxsusluğun milli cəhətləri də var”.

Nizami Cəfərovun sözlərinə görə, həddindən artıq maddi və mənəvi biznesə getmək yox, şou-biznesin təbiətinə uyğun olan texnologiyalar nümayiş etdirmək lazımdır: “Axtarışlar da olacaq. İlk mərhələlərdə mənfi xüsusiyyətlərin çox olmasına da mən təbii baxırdım. Həmişə də bu fikirdə olmuşam ki, bu məsələni qanunvericiliklə o qədər də nizama salmaq mümkün deyil. Doğrudur, ilk vaxtlarda bir qanun hazırlamağa da cəhd edirdik. Bu da əslində bəlkə də qanun hazırlamaqdan daha çox, bir jestimiz idi. Yəni vəziyyət o həddə gəlib çatıb ki, hətta qanun hazırlamağa da meyllənirik. Bu cəhdin özü də elə-belə keçib getmədi. İstər-istəməz müəyyən təsirləri oldu. Yolu da budur. İctimai müzakirələr nəticəsində peşəkarlıq yüksəldilməli, milli-mənəvi dəyərlər gözlənilməlidir”.

Müəyyən işlər görməyə ehtiyac olduğunu da dilə gətirən Nizami Cəfərov bildirib ki, “Mədəniyyət haqqında” qanunda ciddi düzəlişlər ediləcək, yaxud “Mədəniyyət haqqında” qanunu tamamilə yeni redaksiyada təqdim edəcəklər: “Qanun layihəsində şou-bizneslə bağlı da müddəalar olacaq. Burada nə qadağan etməkdən, nə də bu işi başlı-başına buraxmaqdan söhbət gedə bilər. Elə bir yol tutulmalıdır ki, səviyyə yüksəlsin”.

Mədəniyyət haqqında qanun üzərində iş apardıqlarını söyləyən komitə sədrinin sözlərinə görə, yaxın günlərdə qanun üzərində iş yekunlaşdırılacaq: “Milli Məclisin plenar iclası başlasın, biz də işimizi yekunlaşdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar