Müəllif Hüquqları Agentliyi 2009-cu ilin nəticələrini açıqladı
25 yanvar 2010 16:30 (UTC +04:00)

Müəllif Hüquqları Agentliyi 2009-cu ilin nəticələrini açıqladı

Ötən il 591 müəllifin və hüquq sahibinin müxtəlif janrlarda 506 əsəri dövlət qeydiyyatından keçib

Azərbaycan Müəllif Hüquqları Agentliyi ötən il müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsində görülən işlərə dair hesabatını açıqlayıb. Agentliyin informasiya xidmətindən Lent.az-a verilən məlumata görə, ötən il müəlliflik və digər hüquqların pozulması ilə bağlı daimi monitorinqlər təşkil edilib, bazarın müxtəlif seqmentlərində olan piratlığın səviyyəsi öyrənilib və onun azaldılmasına yönələn tədbirlər keçirilib.


Erməni piratlığını ifşa edən “Gəldim, gördüm... mənimsədim” adlı müxtəlif dillərdə əsər və toplular, “Rəqəmli şəbəkələrdə hüquqların idarə edilməsi” elmi-praktiki vəsaitlər nəşr edilib.


Müəllif-hüquq sahəsində milli informasiya sisteminin yaradılması, onun beynəlxalq mübadiləsinin təmin edilməsi, qeydiyyatdan keçirilmiş əsərlər, əlaqəli hüquqların obyektləri, xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları, inteqral sxem topologiyası və hüquq sahibləri haqqında elektron məlumat bazasının praktiki tətbiqi və müntəzəm olaraq yeniləşdirilməsi təmin olunub.


Qanunvericilik bazasının zənginləşdirilməsi istiqamətində “Əqli mülkiyyət hüquqlarının təminatı və piratlıqla mübarizə haqqında”, “Kəşflərin hüquqi qorunması haqqında” qanunların layihələri hazırlanıb” və Müəlliflik hüquq və əlaqəli hüquqlar haqqında” qanuna müvafiq əlavə və dəyişikliklər edilib.


Beynəlxalq və milli təcrübəyə əsaslanan “Əqli mülkiyyət (2009-2011) Dövlət proqramı və Uzunmüddətli əqli mülkiyyət Konsepsiya və Strategiya” layihəsi hazırlanıb.


Qeyd edək ki, 1996-2009-cu illərdə agentlikdə 8 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. Yalnız 2009-cu ildə 591 müəllifin və hüquq sahibinin müxtəlif janrlarda 506 əsəri dövlət qeydiyyatından keçib. Onlardan 91-i elmi əsərlər və dərs vəsaitləri, 166-sı ədəbi əsərlər, 111-i mətnli və mətnsiz musiqi əsərləri, 45-i multimedia məhsulları üçün kompüter proqramları və başqaları olub.

Ötən il müəlliflərin və hüquq sahiblərinin iddiası əsasında hüquqlarının müdafiəsi ilə bağlı məhkəmələrin çağırışı ilə üçüncü şəxs qismində agentliyin nümayəndələri 10-dan çox məhkəmə iclasında iştirak edib. Müxtəlif dövlət orqanlarının, o cümlədən məhkəmələrin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 11 ekspert rəyi verilib, müəlliflərin xahişi nəzərə alınaraq 3 iddia ərizəsi tərtib edilib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar