DSMF-yə telefonla 29325 müraciət daxil olub
14 yanvar 2010 20:30 (UTC +04:00)

DSMF-yə telefonla 29325 müraciət daxil olub

Ötən il ərzində "190" nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlərin 45,3 faizi pensiya məsələlərinə aiddir

2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Belə ki, müraciətlərin 45,3 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 22,6 faizini məcburi dövlət sosial sığortasına, 10,2 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 22,9 faizi digər məsələlərlə bağlı olub.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, bu müraciətlər arasında bilavasitə fondun səlahiyyətlərinə aid olmayan məsələlər də var. Belə müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib. Onun sözlərinə görə, ümumilikdə "190" nömrəli telefon məlumat xidmətinə 1 il ərzində 29 min 325 müraciət daxil olub və bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan suallar arasında əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. Müraciətlər arasında fondun yerli şöbələrinin fəaliyyətindən şikayətlər də olub ki, həmin şikayətlərlə bağlı dərhal araşdırma aparılmış və müvafiq tədbirlər görülüb.

Xatırladaq ki, "190" nömrəli telefon məlumat xidmətinin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarına dərhal aydınlıq gətirməkdir. Məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların operativ şəkildə cavablandırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar