Bu il pensiya ödənişlərinə 1 milyard 634 milyon manat xərclənəcək
08 yanvar 2010 18:15 (UTC +04:00)

Bu il pensiya ödənişlərinə 1 milyard 634 milyon manat xərclənəcək

2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 96,1 faizi (1688,3 milyon manat) əhaliyə ödənişlərə sərf olunacaq. Bütövlükdə fondun büdcə xərclərinin 93 faizi, yəni 1 milyard 634 milyon manatı pensiya xərclərinin ödənməsinə yönəldiləcək.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, bu il pensiya xərclərinin 1 milyard 139 milyon manatı və ya 69,7 faizi pensiyaların baza hissəsinin, 495 milyon manatı (30,3 faizi) isə sığorta hissəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Onun sözlərinə görə, bu il sosial sığorta haqları hesabına maliyyələşdiriləcək müavinətlərə xərclərin 54,4 milyon manatı (3,1 faiz) nəzərdə tutulur. Bu xərclərin 19,2 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin (bu, 2009-cu ilə gözlənilən məbləğdən 17,8 faiz çoxdur), 18,8 milyon manatı hamiləliyə və doğuma görə müavinətin (2009-cu ilin gözlənilən məbləğinə nisbətən 9,8 faiz çox), 2 milyon manatı uşağın anadan olmasına görə müavinətin (2009-cu ilə nisbətən 66,7 faiz çox), 9,9 milyon manatı dəfn müavinətinin (2009-cu ildəkinə nisbətən 4,2 faiz çox), 4,5 milyon manatı isə uşağın 3 yaşına qədər ona qulluğa görə müavinətin (2009-cu ildəki qədər) maliyyələşdirilməsinə yönəldiləcək.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üçün büdcəsinin gəlir və xərcləri 1757,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar