Region gənclərinin məşğulluq imkanları artırılır
08 yanvar 2010 14:15 (UTC +04:00)

Region gənclərinin məşğulluq imkanları artırılır

Bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi yeni layihəsinin icrasına start verilib. “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir.

Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris ediləcək.

Təlim proqramları zamanı tədris edilənlər vahid ədəbiyyat halında tərtib edilərək, region gənclərinə paylanılacaq.

Layihə çərçivəsində əlavə olaraq İnformasiya təminatı və məlumat xidməti də yaradılacaq ki, bu da layihə benefisiantlarının fərdi qaydada məsləhət və informasiya almasına kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar