Hədiyyə qutularında gizlənən sevimli...  zəhər - ARAŞDIRMA
29 dekabr 2009 21:00 (UTC +04:00)

Hədiyyə qutularında gizlənən sevimli... zəhər - ARAŞDIRMA

Yolka bəzəmək elə də asan deyil...


Yeni il gəlir. Bu bayramı ən çox uşaqlar gözləyirlər desək, yəqin ki, yanılmarıq. Çünki "Şaxta baba"nı, daha çox da onun hədiyyələrinin yolunu səbirsizliklə gözləməyə başlayırlar. "Şaxta baba"nı evə dəvət edə bilməyən (hədiyyəni özün almaq şərtilə, “Şaxta baba”ya bunun üçün ən azı 10-20 manat vermək lazımdır) valideynlər isə onun hədiyyəsini mağazadan alır və bu yolla körpələrini sevindirirlər. Beləliklə də ticarətçilər üçün yeni il ərəfəsində bir biznes sahəsi də açılır. Artıq 10 gündən çoxdur ki, Bakıdakı mağazalarda müxtəlif çeşiddə və müxtəlif qiymətdə, müxtəlif formalı və dizaynlı qutularda Yeni il hədiyyələri satılır.

Lent.az bununla bağlı araşdırma aparıb.

Hədiyyənin qiyməti

Paytaxt mağazalarında hədiyyələrin qiyməti 2 manatdan başlayır, 20 manata qədər dəyişir. “Torqovıy” kimi yerlərdə daha baha qiymətə də hədiyyə tapmaq olar. 20 Yanvar metrosu yaxınlığındakı ticarət mərkəzinə və əhalinin ən çox üz tutduğu "28 May" metro stansiyası yaxınlığındakı ticarət obyektlərinə baş çəkdik. 20 Yanvar metrosu yaxınlığındakı ticarət mərkəzində satıcılar qiyməti 2 manatdan başlayaraq satılan, üzərində rus dilində "Yeni iliniz mübarək" sözləri yazılan karton qutudakı hədiyyələrin guya Rusiyada, Moskvada hazırlandığını söyləyirlər. Araşdırmamız zamanı bəlli oldu ki, bəzi hədiyyələrin üstündə bunu təsdiq edən nə əmtəə nişanı, nə də başqa bir şey yazılıb. Bir sözlə, qablaşdırılmış məhsulun hansı ölkəyə və firmaya məxsus olduğu bəlli deyil.
Yeni il sürprizi vəd edən qutunun içində maska, iki kiçik oyuncaq maşın və 2 dənə də şokolad qoyulub. Şirniyyatların bəzisinin üzərində yaranma tarixi göstərilsə də, son istifadə tarixi yoxdur. Təbii ki, sürprizdən də danışmağa dəyməz...
"28 May" metro stansiyası yaxınlığındakı satış obyektlərində yeni il hədiyyələri bir neçə çeşiddədir. Satıcılardan birinin dediyinə görə, çoxu Moskva istehsalı olan bu hədiyyələri dəmiryol vağzalının yanındakı topdansatış məntəqəsindən götürürlər. Hədiyyəli sellofan paketin içərisindəki malların mənbəyi göstərilmir. Qablaşdırılmış məhsulun təzə olduğunu satıcı desə də, hədiyyənin üstündə yazılı təsdiqi yoxdur. Alıcılar möhkəmcə "kilidlənmiş" qutuların təzəliyini, köhnəliyini yalnız alandan sonra bilirlər. Qiyməti 1 manata olan paketdə bir peçenye, bir 10 qəpiklik şokolad, bir də 20 qəpiklik balaca oyuncaq var.
İçərisində 2 şokolad plitəsi və 4 konfet olan böyük qutu 5 manata satılır. Əgər qutudakıları ayrı-ayrı alsaq, cəmi 2 manat xərcimiz çıxar.

Yeni il ərəfəsində yeni təhlükə

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında dedi ki, Rusiya və digər xarici ölkələrin adıyla satılan hədiyyə qutuların 80 faizi xarici mal nişanı ilə məhz Azərbaycanda hazırlanır və elə Azərbaycanda içəriləri doldurulur. Eyyub Hüseynov bildirdi ki, bu qutuların içərisinə əsasən vaxtı keçmiş şokolad və digər şirniyyat məhsulları doldurulur: “Hər il Yeni il şənlikləri başlayandan sonra adətən, AİB-ə çoxsaylı şikayətlər gəlir, zəhərlənmələr olur. Təhlükəli vaxtı keçmiş şokoladları, digər təhlükəli məhsulları ekzotik qablara doldurub paylayırlar. Valideynlər özləri şənliklərə baxır, uşaqlar isə o şirniyyatları çıxarıb yeyir və zəhərlənirlər. Hər il bu, baş verir. Bunu yerli şirkətlər də, xaricilər də edirlər. Məsələn, keçən il biz külli miqdarda vaxtı keçmiş malın satışdan çıxarılmasına nail olduq. Həmin məhsul hədiyyə qutularında şənliklərdə paylanırdı. O hədiyyə qutularını yerli şirkət hazırlamışdı. Hətta humanitar təşkilatların payladıqları hədiyyələrlə bağlı da belə fakt aşkarlanmışdı. Ona görə də valideynləri hədiyyələr alarkən ehtiyatlı olmağa çağırırıq”.

Eyyub Hüseynov qiymət məsələsində də hər il valideynlərin aldadıldığını söylədi: “Həm keyfiyyətdə, həm də qiymətdə istehsalçılar, ticarətçilər qazanmaq istəyirlər. İstehlakçılar aldadılır. Qiymətlər ən azı 50 faiz baha olur. Bu ilin sentyabrında İqtisadi İnkişaf Nazirliyinin yanında istehlakçıların hüquqlarını müdafiə qurumu yaradılıb, həmin qurum bu sahəyə nəzarəti gücləndirməlidir”.

O da maraqlıdır ki, hələ mağazalarda yerli şirkətlərin istehsalı olan, bu şirkətlərin əmtəə nişanları əks olunan hədiyyə qutularına rast gəlinmir. Ticarətçilər hələ yerli şirkətlərin hədiyyə qutularını satışa çıxarmadıqlarını söylədilər. Başqa sözlə, xarici ölkə istehsalı adı altında Azərbaycan müştərilərini aldatmaq və təhlükə ilə qarşı-qarşıya qyomaq daha çox qazanc gətirir.

Eyyub Hüseynov da dedi ki, hələ AİB-də yerli şirkətlərin hədiyyə qutuları hazırlaqları barədə məlumatım yoxdur: “Yəqin ki, Yeni il şənlikləri başlayanda üzə çıxacaqlar”.

Yolkamız...

Yeri gəlmişkən, bu il ötən illərlə müqayisədə bu il yolka, zər, oyuncaq alanların sayı azalıb. Satıcılar bundan şikayətləndilər. İzahları da belədir ki, valideynlərin bir qismi artıq Çində istehsal olunan oyuncaqları almaq istəmirlər, digərləri isə çox bahadır.
Onu da deyək ki, yolkaları bəzəmək üçün oyuncaqlar 20 qəpikdən 10 manata qədərdir. 20-30 qəpik oyuncaqlar Çin istehsalıdır. Onlar əsasən plastik materialdan hazırlanıb. Daha keyfiyyətli sayılan Rusiya və Türkiyə oyuncaqlarının qiyməti 80 qəpik- 1 manatdan başlayır, 7 manata qədər var. Bu oyuncaqlar əsasən şüşə materialından hazırlanıb.
Ukrayna oyuncaqları da keyfiyyətli sayılır. Nəsimi bazarı yaxınlığında, Azadlıq prospektindəki “Qrafika” mağazasında əsasən Ukrayna istehsalı olan oyuncaqlar satılır. Keyfiyyətli və bahalı oyuncaqlar almaq istəyənlər Bakıxanov körpüsü yaxınlığındakı “Qalereya” mağazasına da baş çəkə bilərlər.

Bakı mağazalarında yolka bəzəmək üçün zərlər 30 qəpikdən 3 manatadək qiymətə satılır.

Bayram atributları olan yolkalara gəlincə, yolka ağcalarının qiyməti təkcə onun boyunun uzunluğuna görə deyil, həm də rənginin tünd, yaxud açıq-yaşıl olması, hansı ölkənin məhsulu olması ilə ölçülür. Yolkaların qiymətləri müxtəlifdir - 3 manatdan 250 manata qədər. Çin istehsalı olan orta ölçülü yolkanı 7-10 manata almaq olar. Ancaq belə yolka növbəti yeni ildə bir işə yaramır. Çünki budaqlarının üz qabığı soyulub tökülür. Rusiya, Polşa, Ukrayna kimi ölkələrin istehsalı olan yolkalar keyfiyyətli sayılır.

Bu gün Bakıda imkanlı valideynlərin yolka almaq üçün üz tutduqları əsas məkanlardan biri "Ağ Çiçəyim" gül mağazaları şəbəkəsidir. Bu mağazalarda 100-250 manata yolkalar almaq mümkündür. Hətta 500 manata daha böyük ölçülü yolka almaq olar. Belə yolkaları böyük şadlıq saraylarında, asıq sahələrdə qurmaq olar.
Nizami küçəsində isə seçim imkanı çoxdur. Burada satılan yolkaların ən balacası 10 manat, böyüyü isə 150 manatdır.

Nisbətən ucuz yolka almaq üçün "28 May" stansiyasının ətrafındakı ticarət məntəqələrinə getmək məsləhətdir.

Maskarad üçün papaqlar, maskalar və digər atributların qiyməti 5 manatdan 60-70 manata qədər dəyişir. Nizami küçəsində bunun üçün xüsusi “Maskarad” mağazası da var.

Mağazalarda yolka işıqlarının qiyməti 2 manatdan başlayır. Ancaq 5 manata qədər olan işıqlar elə keyfiyyətli sayılmır. Keyfiyyətlilərin qiyməti 10 manatdan başlayır.
Pələng ilinin atributu sayılan kiçik "pələngcik"lər 50 qəpikdən 3 manata qədər təklif olunur. Hesablasaq, əgər yolkamızı başdan-ayağa bəzəmək 30 manatdan 500 manata qədər pul tutacaq. 30-40 manatlıq bəzək düzək Çin istehsalı olan yolka ağacı və oyuncaqları hesabına olacaq. Ortabab yolka bəzəmək üçün 50-60 manatdan keçməlisən.
Bütün bunlar göstərir ki, bu il də Bakıda və rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri şam ağacları olan əraziləri ciddi nəzarətə götürməli olacaq. Çünki uşaqlarını böyük yolka ağacı ilə sevindirmək istəyənlər imkanları çatmayanda belə yerə üz tutmağa üstünlük verirlər...


Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar