İyulun 12-də dövlət sərhədimizdə erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid oldu. Lent.az şəhidlərimizin ailəsindən silsilə reportajları davam etdirir.
Üçüncü reportajımız Ağstafa rayonunun Köçəsgər kəndindən, şəhid Yaşar Babayevin ailəsindəndir.
***
...Həsənsudan çıxıb, Köçəsgərə gedirik. Bu səfərdə kəndbəkənd bizi müşayiət edən dostumuz Elnur qəfil dillənir:
- Yaşar bilirsən hansı şəhidimizdi?
Çiynimi çəkirəm.
- Ölümündən iki gün sonra övladı dünyaya gələn. Neçə il gözləmişdilər e...
Bunu deyib, duruxur, fikrə gedir.
Maşını Yaşarın ata evindən bir xeyli aralı saxlayırıq. Ətrafda avtomobil əlindən tərpənmək mümkün deyil. Şəhidin dəfnindən, hətta 7 mərasimindən belə neçə gün keçsə də, Vasif kişinin qapısına gəlib-gedənlərin ardı-arası kəsmir.
İçəri keçirik. Elə şəhidin atası qarşılayır bizi.
- Sizdən bir az qabaq getmişdi jurnalistlər. Elə onlara da dedim. Dedim, dağım, arxam getdi. Elə bir oğul getdi ki, elə bir oğul itirdim ki…
Gözlərini məchul bir nöqtəyə zilləyib susur, danışmır. Süfrəyə qoyulmuş sudan bir qurtum içir… Çətin də olsa...
- Ailədə üç uşaq idilər. İki bacı, bir qardaş. Yaşar dərslərini elə də yaxşı oxumurdu. Amma lap pis oxuyan da olmayıb. Mehriban uşaq idi. Elə uşaq vaxtdan çoxlu oyuncaq avtomatları vardı. Hər dəfə də mənə deyirdi ki, ata, avtomat al, tapança al. Nə qədər belə oyuncağı vardı. Bəzən də özü taxtadan silah düzəldib, oynayırdı. Kənddə hamı çox istəyirdi onu. Şirin uşaq idi, həm də evin ortancılı. Ciddi uşaq idi. Yersiz danışıb- gülməzdi. Böyük-kiçik yerini bilən idi.
Əsgərliyini Bakıda çəkmişdi Yaşar. Ordudan qayıtdıqdan sonra işləmək üçün Rusiyaya getmişdi. Surqut şəhərinə. İki il orda işləmişdi.
- Oradan qayıtdı. Fikri yenə hərbidə idi. Deyirdi, orduya gedəcəm, MAXE kimi. Qayıtdı, bir qədər keçəndən sonra dedi ki, yox, daha mən qala bilmərəm, gedirəm hərbiyə. Qazaxda xidmətə başladı. Daha sonra getdi Bakıya, üç ay gizirlik oxudu. Həmin müddətdə nə kənddə, nə qohum-əqrəbada, nə də ailədə heç kim orda baş verənlər haqqında heç nə bilməzdi. Gəlib danışmazdı ki, məsələn, dünən bu hadisə oldu, ya da bu gün belə bir şey baş verdi. Heç vaxt deməzdi ki, orada atışma olur, burda filan şey olur.
Qumbaraatan imiş Yaşar. Bakıda oxuyan zaman hərbin bu sahəsini seçibmiş.
Müxtəlif hərbi yarışlarda mükafatçılar sırasına düşürmüş daim. Neçə dəfə ən yaxşı qumbaraatan kimi bu sahədə birinci yeri də tutub, xeyli diplom və fəxri fərmanlara layiq görülüb.
Qazaxda xidmətdəymiş Yaşar. Həmin gün isə onu Tovuza çağırıblar.
Atası davam edir:
- Yaşarın xarakterində elə şey yox idi ki, bu gün atışma var, mən getməyim, telefonumu söndürüm. O, elə şey etməzdi. Hamıdan birinci gedərdi.
Yas mərasiminə gələn yoldaşları deyir, həmin gecə general Polad Həşimov deyib ki, mütləq Yaşar gəlsin. Çünki o, yaxşı atıcıdı. Generalın seçdiyi xüsusi əsgər idi Yaşar. Amma özü heç vaxt bu barədə danışıb qürrələnməzdi.
Şəhid olmamışdan əvvəl Yaşar 12 günlük məzuniyyətdə olub. Həyat yoldaşı Nərgizi Sumqayıta müayinəyə aparıb. Məlum olub ki, yaxın günlərdə övladları dünyaya gələcək.
İyulun 12-də isə səhər saat 5-də durub Sumqayıta getməyi planlaşdırmışdılar, Nərgizlə. Gecə saat ikinin yarısı komandiri zəng edib ki, burada vəziyyət yaxşı deyil, gəlmək lazımdır.
Anası da onu qucaqlayıb, yalvarıb ki, getməsin. Onu dəhşətli dərəcədə sevirmiş. Amma anaya da yox deyib: “Ana, hamının övladı kimi mən də getməliyəm”. Heç kim saxlaya bilməyib onu. Qapıdan çıxanda anasına tərəf dönüb deyib ki, əgər mən gəlməsəm, uşaq olan günü qurbanı kəs payla. Qızımın adını da Narin qoyarsınız. Elə yaş kağızına beləcə də yazdırın: Narin Yaşarqızı.
Atasının dediklərindən:
- Komandiri burada danışırdı ki, Yaşar ora yaxın olanlardan daha tez çatdırdı özünü, Tovuzun Ağdam kəndinə. Rəhmətlik generalla birlikdə vuruşublar, birlikdə də şəhid oldular. Uşağının adını da özü qoyub getdi. Onun üçün qurban demişdi kəsməyə. Həmin gecə gedəndə sanki ürəyinə damdı ki, nəsə olacaq. Bizə dedi ki, almışam qurbanlığı, filankəsgildədi, pulunu da vermişəm. Qurbanı kəsərsiz. Uşağın adını da Narin qoyarsız.
Hə, bir qədər geriyə qayıdaq, Yaşar və Nərgiz 2012-ci il iyulun 19-da ailə həyatı qurmuşdular. Təsəvvür edirsiniz, 2020-ci il iyulun 19-da, məhz toyu günü Yaşarın 7 mərasimi idi.
8 il övlad həsrətilə yaşamışdılar. Bu 8 ildə Nərgiz neçə dəfə Yaşara başqası ilə evlənib oğul-uşaq sahibi olmasını istəyibmiş. Amma Yaşar Nərgizinə sadiq qalmışdı. Onu tək buraxmamışdı. Və…
Və 8 ildən sonra Tanrı onlara bir övlad bəxş etmişdi.
***
Nərgiz Yaşarın xəstəxanaya gəlməsini gözləyirdi. O, söz veribmiş ki, bir günlük də olsa, Nərgizin yanında olacaq. Hə, bir də həkimlər Yaşara deyiblərmiş ki, qoy uşaq doğulsun, sonra klinikanın pulunu ödəyərsən. Amma razılaşmayıb. Deyib yox, qoy halallıq olsun. Kassaya pulu ödəyibmiş əvvəlcədən .
Həmin gün, hə, məhz elə həmin saatlarda yuxusunu qarışdıran Nərgiz anasına zəng edib: “Ana, deyirlər kənddən kimsə şəhid olub, düzdü?” Sonra…
Sonra qeyri-ixtiyari əlini telefonuna uzadır…
…Ekranda şəhid Yaşar gülümsəyirdi. Telefonu sinəsinə sıxıb, diz üstə çökür Nərgiz…
***
Sonuncu məzuniyyətini doğulacaq qızı Narinə həsr etmişdi. Evlərində ayrıca otaq da hazırlamışdı onun üçün. Narinin gəlişinə isə sayılı günlər qalmışdı. Hər şeyi hazır idi.
- Şarlara qədər üfürüb asmışdı. O qədər oyuncaq alıb yığmışdı ki... İndi o otağa girə bilmirik. Hər yer oyuncaqdı. Bir də Yaşarın nəfəsi. O şarlarda qalıb onun nəfəsi. Onun ətri. 8 il gözlədi, görə bilmədi. Bunu deyib də doluxsunur Vasif kişi...