Xarkovda Azərbaycan məktəbi fəaliyyətə başlayacaq
29 mart 2013 15:36 (UTC +04:00)

Xarkovda Azərbaycan məktəbi fəaliyyətə başlayacaq

 

Ukraynada ilk dəfə olaraq Xarkov şəhərində azərbaycanlılar üçün Azərbaycan dilində xüsusi orta məktəbi fəaliyyətə başlayacaq. APA-nın Xarkovda olan əməkdaşının məlumatına görə, məktəb hazırda şəhərin mərkəzi liseylərindən birində fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət  şənbə-bazar sinifləri əsasında yaradılacaq.

 

Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Xarkov vilayəti üzrə sədri Qurban Abbasov bildirib ki, hazırda şəhərdə fəaliyyət göstərən şənbə-bazar günü məktəbinin statusunun dəyişdirilərək orta məktəb yaradılması ilə bağlı işlər görülür. Onun sözlərinə görə, 15 ildən artıqdır azərbaycanlı uşaqlar üçün doğma dildə fəaliyyət göstərən şənbə-bazar günü məktəbinin artıq 50-dən çox şagirdi var: “Hazırda bütün şəhər üzrə şəhərin müxtəlif məktəblərində oxuyan azərbaycanlı uşaqlar həftə sonu bu liseydə siniflərdə toplanır və onlara milliyyətcə də azərbaycanlı olan müəllimlər tərəfindən doğma dildə Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan coğrafiyası və digər fənlər üzrə dərslər keçirilir. İndi dərsləri iki müəllim tədris edir, lakin orta məktəb status aldıqdan və ayrıca bina təsis olunduqdan müəllimlərin sayı artırılacaq. Siniflərin təsis olunmasında və gələcəkdə açılacaq məktəbin formalaşmasının əsas xərclərini diasporunun müraciəti əsasında yerli hökumət həyata keçirir”.

 

Q.Abbasov hazırkı Azərbaycan sinifləri üçün müəyyən sıxıntıların olduğunu bildirib. O qeyd edib ki, siniflərdə istifadə olunan Azərbaycan dilli dərsliklərin Azərbaycandan alınmasının  təşkil olunması üçün dəfələrlə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də nəticəsi olmayıb: “Bu səbəbdən dərslikləri öz hesabımıza Azərbaycandan alıb gətirmək məcburiyyətindəyik”.

 

Qeyd edək ki, 2 milyon əhalisi olan Xarkov şəhərindən 50 minə yaxın azərbaycanlı daimi yaşayır. Onların əksəriyyəti Ukrayna vətəndaşıdır.

 

UAK sədri Rövşən Tağıyev isə bildirib ki, Ukraynada azərbaycanlılar üçün ayrıca məktəbin açılması təkcə Xarkovda yox, ölkənin digər iri vilayətləri üçün də planlaşdırılıb. Bununla bağlı yerli hökumətlə danışıqlar gedir.

 

Qeyd olunub ki, Azərbaycan diasporunun müraciəti əsasında, həmçinin Xarkov şəhərində mərkəzi park azərbaycanlı Sovet İttifaqı qəhrəmanı Fariz Səfərovun adını daşıyır və parkda onun abidəsinin ucaldılması planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar